Avropa Parlamenti Gürcüstandakı seçki nəticələrini tanımadı

Avropa Parlamenti (AP) Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməni təsdiqləyib.

Nov 28, 2024 - 17:53
Avropa Parlamenti Gürcüstandakı seçki nəticələrini tanımadı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Qətnamədə oktyabrın 26-da keçirilən səsvermənin manipulyasiyası ilə bağlı iddiaların müstəqil, beynəlxalq və şəffaf araşdırılması çağırışı dəstəklənib.

AP qeyd edib ki, Avropa İttifaqına (Aİ) namizəd ölkə olan Gürcüstan demokratik seçkilər üçün beynəlxalq standartlara və ATƏT-in iştirakçısı olan dövlət kimi azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərinə uyğun gəlməyən seçkilər keçirib.

Sənəddə həmçinin bildirilir ki, səsvermə zamanı qeydə alınan pozuntular Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun gəlmir.

Qətnamədə Aİ-ni Gürcüstan parlamentinin və “Gürcü Arzusu” hakim partiyasının rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağırış yer alıb. AP-ın fikrincə, onlar antidemokratik hərəkətlərə görə məsuliyyət daşıyırlar.

Avropa Parlamenti hər iki qurumu – Avropa Komissiyasını və Avropa Şurasını demokratik idarəçilik və azadlıqlar sahəsində Aİ standartlarına əməl edilmədiyi təqdirdə Gürcüstan vətəndaşları üçün vizasız rejimə yenidən baxmağa çağırıb.

Sənəd tövsiyə xarakteri daşısa da, Avropa ölkələrinin Gürcüstanla bağlı qəbul etdiyi qərarlara təsir göstərə bilər.

Bu gün Gürcüstan parlamenti baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Baş nazir çıxışı zamanı  ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulacağına söz verib.

Parlamentin iclaslarında yalnız “Gürcü arzusu”nun deputatları iştirak edir. Parlamentə daxil olan 4 müxalifət partiyası seçkinin nəticələrini tanımır və toplantıları boykot edir.

Xatirə SADİQ