ABŞ prezidenti CBS telekanalına cəza tələb etdi – “Vicdansız operator…”

ABŞ prezidenti Donald Tramp Ukrayna və Qrenlandiya haqqında süjetlər yayımladıqdan sonra CBS kanalını və onun “60 dəqiqə” proqramını tənqid edib. 

Apr 14, 2025 - 14:58
ABŞ prezidenti CBS telekanalına cəza tələb etdi – “Vicdansız operator…”

SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir. 

ABŞ prezidenti “TruthSocial” sosial şəbəkəsində bildirib ki, yayımçı onu təqib etdiyinə görə “böyük bədəl” ödəməlidir. Onun sözlərinə görə, demək olar ki, hər həftə “60 Dəqiqə”də “Tramp adı “alçaldıcı və böhtan xarakterli” şəkildə xatırlanır, amma bu həftəsonunun “efir”i onların hamısını üstələyib. 

Tramp paylaşımında deyib ki, “60 dəqiqə” artıq xəbər şousu deyil, “sadəcə “xəbər” kimi maskalanan və etdiklərinə görə cavab verməli olan vicdansız siyasi operatorlardır”.

ABŞ prezidenti Kommunikasiyaları üzrə Federal Komissiyasının sədri Brendan Karrıni “qeyri-qanuni və qanunsuz davranışlarına görə” telekanala maksimum cərimə və cəzalar tətbiq etməyə çağırıb.

“Associated Press” xatırladıb ki, Tramp ötən payızda keçmiş Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə müsahibəni redaktə etdiyi üçün “60 Minutes”ə qarşı 20 milyard dollarlıq iddia qaldırmışdı.

Xatırladaq ki, bazar günü telekanal Ukrayna prezidenti Volodimir Zelenski ilə müsahibəni yayımlayıb. Ukrayna prezidenti Rusiyanın nə etdiyini görmək üçün Trampı Ukraynaya səfərə dəvət edib.

Xatirə SADİQ