Avropa Parlamenti Rusiyadan tələb etdi - “Onlar qaytarılmalıdır”
Avropa Parlamenti bu gün Rusiya tərəfindən zorla çıxarılan və deportasiya edilən ukraynalı uşaqların geri qaytarılması ilə bağlı qətnamə qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qətnamə lehinə 516, əleyhinə 3 səslə qəbul edilib, 34 deputat bitərəf qalıb.
Qətnamədə parlamentarilər Rusiyanın Belarusun vasitəsi ilə ukraynalı kimliyini məhv etmək məqsədindən ötrü həyata keçirdiyi “soyqırım strategiyası”nı qətiyyətlə pisləyiblər.
Bildirilib ki, Rusiya bütün deportasiya edilmiş ukraynalı uşaqların şəxsiyyətini və harada olduqlarını açıqlamalı, onların rifahını, təhlükəsiz və qeyd-şərtsiz geri qayıtmasını təmin etməlidir.
Avropa deputatları vurğulayıblar ki, beynəlxalq ictimaiyyət Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üzrə Xüsusi Tribunal vasitəsilə koordinasiyanı gücləndirməklə Rusiyanı məsuliyyətə cəlb etməlidir.
Xatirə SADİQ