“Getmirəm, Putin razı olmadı” - Ramzan Kadırov

Ramzan Kadırov Çeçenistan Respublikasının rəhbəri vəzifəsindən istefa verməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin razılığını ala bilməyib. 

May 8, 2025 - 16:40
“Getmirəm, Putin razı olmadı” - Ramzan Kadırov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Ramzan Kadırov Putinlə görüşdən sonra sosial şəbəkədə yazıb.  

O, bildirib ki, Putinlə protokoldan kənar bir sıra mühüm mövzuları müzakirə etməyi, tam anlaşma və dəstək almağı bacarıb. 

“Sonda Vladimir Vladimiroviç internetdəki son müzakirələri şərh edərək, yenə də Mark Tvenin məşhur sözlərindən sitat gətirdi: “Mənim ölümümlə bağlı xəbərlər çox şişirdilib”. O, əlavə etdi ki, bizim hələ çox işimiz var. Mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm!”, - deyə Kadırov vurğulayıb. 

“The Moscow Times” xatırladıb ki, prezidentlə görüş zamanı Kadırov hesabatını vərəqlərdən axıra qədər oxuyub. Müşahidəçilər bu zaman Kadırovun əllərinin titrədiyinə diqqəti cəlb ediblər. 

Qeyd edək ki, bu günlərdə “Novaya qazeta. Europe” nəşri Çeçenistan rəhbərinin səhhətinin kəskin şəkildə pisləşdiyi və öz yerinə varis təyin etmək üçün hərəkətə keçdiyi barədə araşdırma təqdim etmişdi. 

Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir və artıq 8 dəfə mümkün istefası barədə ictimaiyyətə danışıb. O, xüsusilə 2017, 2020 və 2022-ci illərdə vəzifəsini tərk etməyə hazır olduğunu iddia edib.

Xatirə SADİQ