Avstraliyalı senator Britaniya kralına qışqırdı - “Sən mənim kralım deyilsən!”
Britaniya kralı III Çarlz Avstraliya parlamentində çıxış etdikdən sonra yerli xalqı təmsil edən senator Lidiya Torp “Sən mənim kralım deyilsən!” - deyə qışqırmağa başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda deyilir ki, zalın arxa hissəsindən müstəqil senator Torp kral cütlüyünə səslənib: “Torpaqlarımızı bizə qaytarın, oğurladığınız şeyi bizə geri qaytarın”.
Senatorun bu hərəkətindən sonra təhlükəsizlik işçiləri onu zaldan çıxarıblar.
Bu hadisə kral Çarlz və kraliça Kamillanın Avstraliyanın paytaxtı Kanberraya səfəri zamanı baş verib. Britaniyanın kral ailəsi burada baş nazir Entoni Albanez də daxil olmaqla, ölkə liderləri ilə görüşüblər.
Kral Çarlz çıxışı zamanı Avstraliya xalqını birinci millətlər kimi tanıyıb və qeyd edib ki, onlar 230 ildən çox əvvəl, Britaniya köçkünlərinin gəlişindən on minlər il əvvəl bu torpaqda yaşayıblar.
“Həyatım boyu Avstraliyanın birinci millətləri öz tarixlərini və mədəniyyətlərini səxavətlə bölüşməklə mənə böyük şərəf göstərdilər. Mən yalnız deyə bilərəm ki, mənim öz təcrübəm nə qədər belə ənənəvi müdrikliklə formalaşıb və güclənib”, - kral vurğulayıb.
Bundan öncə isə parlamentin önündə kral cütlüyü üçün aborigenlərin ənənəvi qarşılanma mərasimi keçirilib, lakin ölkənin yerli xalqlarının əksəriyyəti üçün onlar arzulanan qonaq deyildilər.
Qeyd edək ki, ingilislərin Avstraliyaya gəlişi ölkənin yüzlərlə yerində aborigenlərin kütləvi qətliamına səbəb oldu və bu qırğınlar 1930-cu ilə qədər davam etdi. Onların əcdadları indiyədək hələ də irqçilik və sistemli ayrı-seçkilikdən əziyyət çəkirlər və ölkə əsrlər boyu sürən bu ədalətsizliyin öhdəsindən hələ də gələ bilməyib.
Avstraliyanın yerli xalqları heç vaxt suverenlikdən imtina etməyiblər və heç vaxt Britaniya tacı ilə müqavilə prosesində iştirak etməyiblər. Avstraliya Britaniya kralının dövlət başçısı olduğu Birlik ölkəsi olaraq qalır.
DjabVurrung Gunnai Gunditjmara qəbiləsinə aid olan senator Torp əvvəllər də Britaniya monarxiyasına kəskin etirazlarını bildirirdi.
2022-ci ildə andiçmə mərasimi zamanı Torp Avstraliyanın o vaxtkı dövlət başçısını “müstəmləkəçi kraliça II Yelizaveta əlahəzrətləri” adlandırdı. Buna görə senatordan yenidən and içməsi tələb olundu. O, bir yumruğunu havaya qaldıraraq bunu etdi.
Xatirə SADİQ