Bu ölkənin sabiq prezidenti həbs olundu 

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila Beynəlxalq Hava Limanında həbs edilib. 

Mar 11, 2025 - 11:50
Bu ölkənin sabiq prezidenti həbs olundu 

SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir. 

Keçmiş president narkotiklərlə mübarizə kampaniyası zamanı ən azı 6 min insanın ölümü ilə nəticələnən məhkəməsiz kütləvi qətllərə görə insanlığa qarşı cinayətlərdə ittiham olunur.

Məlumata görə, Honq-Konqdan gələn Duterteyə elə hava limanında baş prokuror ICC-nin orderini təqdim edib. 

“O, hazırda həbsdədir”, - deyə hökumətin bəyanatında deyilir.

Dutertenin həbsinin Manila hava limanında xaosa səbəb olduğu vurğulanıb. “Vəkilləri və köməkçiləri saxlanıldıqdan sonra onunla əlaqə saxlamağa icazə verilmədiyinə görə etiraz ediblər. Eyni zamanda Filippin hakimiyyəti 79 yaşlı keçmiş prezidentin səhhətinin yaxşı olduğunu və tibbi müayinədən keçdiyini bildirib”, - deyə agentlik yazıb.

Duterte 2016-cı ildən 2019-cu ilə qədər rəsmi olaraq 6000 insanın ölümü ilə nəticələnən narkomaniyaya qarşı amansız kampaniya həyata keçirib. Müstəqil insan haqları təşkilatları qurbanların real sayının on minlərlə ola biləcəyini iddia edirlər. Öldürülənlərin çoxu məhkum edilmiş cinayətkarlar deyil, həm hüquq-mühafizə orqanları, həm də “ölüm dəstələri” adlanan qruplar tərəfindən həyata keçirilən məhkəməsiz edamların qurbanı olublar.

ICC Duterte Davao şəhərinin meri olduğu müddətdə törədilən cinayətlərlə bağlı istintaqa başlayıb. 

2019-cu ildə Duterte Filippini ICC-nin yurisdiksiyasından çıxarsa da 2023-cü ildə Haaqa məhkəməsi Duterteyə qarşı istintaqın davam etdirilə biləcəyinə qərar verdi.
 
Xatirə SADİQ