"Avtomatı göstərib dedi ki, məni şef göndərib, bizə "yox" demək olmaz" - MEHDİYEV İŞİ
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır.
SAVASGHMEDİA.az xatırladır ki, bunlardan biri də uzun müddətdir, məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.
Məhkəmə prosesində məktəbin təsisçiləri kimi Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədovanın adları çəkilsə də, əsl həqiqət başqadır.
Məlum olub ki, məktəbin əsl təsisçiləri nə Kamilə Əliyevadır, nə də Mehriban Məmmədova. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Həm də zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…
Sözügedən məktəbin həmtəsisçisi Nailə Rzayeva "Teleqraf"a son müsahibəsində “Baku Oksford Məktəbi”nin onların əlindən necə alındığını danışıb.
Həmin müsahibədən çıxarışı təqdim edirik.
- Rasim Məmmədov bizim məktəbə gəldi. Dedi ki, məni şef göndərib.
- Şef deyəndə kimi nəzərdə tuturdu?
- Ramiz Mehdiyevi. Dedi ki, biz sizə gözəl bina verəcəyik. Təklif etdi ki, birləşək. O zaman məktəbin üç təsisçisi var idi, 80 faizi bizim idi. Biz də dedik ki, niyə satmalıyıq? Biz sadəcə, özümüzə icarəyə bina axtarırıq. Onda bizə bir neçə yerdən də bina ilə bağlı təklif gəlmişdi. Sonra elə oldu ki, təklif edən adamlar müəmmalı şəkildə geri çəkildilər.
Rasim Məmmədov Nardarandakı bağımıza gəldi. Əlindəki çantada avtomat gətirmişdi. Çantanı açıb avtomatı göstərdi. Dedi, Nailə xanım, siz bilirsiniz də biz kimik? Bizə “yox” demək olmaz. Bizə 80 faiz paydan 23 faiz saxladılar. Bizə 2 milyon manat ödəniş etməliydilər. Amma sonra dedilər ki, sizi öldürmək bizə daha ucuz başa gələr.