Azərbaycan çempionatında şok - Futbol klubu Bakıya gəlməyə pul tapmadı

II Liqada ilk dəfə oyun baş tutmayıb.

Oct 17, 2024 - 19:40
Oct 17, 2024 - 20:00
Azərbaycan çempionatında şok - Futbol klubu Bakıya gəlməyə pul tapmadı

SAVASHMEDİA.az xəbər verir ki, “Lerik” maliyyə problemi olduğuna görə “Şəfa” ilə bu gün Bakıda keçirilməsi nəzərdə tutulan oyuna gələ bilməyib.

Leriklilər meydana çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alacaq.

Bu barədə rəsmi qərar İntizam Komitəsinin iclasından sonra açıqlanacaq.

Peşəkar Futbol Liqasından matçla bağlı açıqlama verilib:

“Lerik” maliyyə problemi ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. PFL prosedura uyğun olaraq, əlaqədar komitələri və “Lerik”in turdakı rəqibini bununla bağlı məlumatlandırıb.

Qaydalara uyğun olaraq, oyun rəsmiləri, “Şəfa” matçın təyin olunduğu vaxtda stadionda olub.

Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib və daha sonra görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq”.

“Lerik”in İdarə Heyətinin sədri Famil Məmmədov yaranmış problemlə bağlı sportinfo.az-a açıqlama verib:

“Xatırlayırsızsa, yaxınlarda sizin sayta açıqlama verərək, klubumuzun maliyyə vəziyyətinin çətin olduğunu bildirmişdim. Maddi cəhətdən çox pis durumdayıq. Oyunlara çıxa bilmirik, müəyyən qədər borclarımız da yaranıb".