Ali Koç Mourinyonu buna görə qovub - Oteldəki mübahisənin təfərrüatı
“Fənərbağça”nın sabiq baş məşqçisi Joze Mourinyonun qovulma səbəbi məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, Mourinyo ilə klub rəhbərliyi arasında bir müddətdir gərginlik olub.
Buna səbəb kimi portuqal mütəxəssisin mətbuata açıqlamalarında klub rəhbərliyini, futbolçuları, hətta azarkeşləri belə sərt tənqid etməsi göstərilib. Ali Koçun səbir kasasını daşdıran isə Maurinyo ilə Lissabonda yaşadığı gərginlik olub.
Mətbuatın yazdığına görə, “Benfika” matçı üçün Portuqaliyaya gedən Ali Koç komandanın qaldığı oteldə Joze Mourinyo ilə görüşüb.
Görüş zamanı Mourinyoya “250 milyon avro xərcləmişəm, amma hələ də şikayət edirsən. Keçən mövsümdən bəri yaxşı futbol oynadığımız matç sayı çox azdır. Bu heyətlə pis futbol oynada bilməzsən” deyib.
Mourinyo isə A.Koça yenə də sərt reaksiya verərək alınan futbolçuların da yaxşı olmadığını, klub rəhbərliyinin hələ də Kərəm Aktürkoğlunun transferini bitirə bilmədiyini və ümumiyyətlə, bacarıqsızlıq etdiyini bildirib.
Yaşanan gərgin görüşdən sonra Ali Koç Mourinyonu qovmaq qərarına gəlib. Matçdan sonra futbolçuları yola salarkən Ali Koçla Mourinyonun sağollaşmaması da aralarındakı son gərginliyin nəticəsi olub.
Qeyd edək ki, ötən il iyun ayında azarkeş qruplarının və rəhbərlik nümayəndələrinin hava limanında qarşıladığı Joze Mourinyonu bu gün Türkiyədən ayrılarkən heç kim yola salmayıb.
Banu