Azərbaycan neftinə görə fövqəladə vəziyyət elan olundu - Rumıniyada

Rumıniyanın Energetika Nazirliyi Azərbaycandan gələn xam neft yükündə çirklənmə aşkar edildikdən sonra enerji sektorunda fövqəladə vəziyyət elan edib.

Aug 5, 2025 - 12:40
Azərbaycan neftinə görə fövqəladə vəziyyət elan olundu - Rumıniyada

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya KİV-i bu barədə Rumıniyanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nazirliyin rəsmi saytında verilən açıqlamaya görə, artıq Avropa Komissiyası vəziyyətlə bağlı məlumatlandırılıb.

Nəlumata görə, söhbət iyulun 16-dan 18-dək Türkiyənin Ceyhan limanında 92 min ton Azərbaycan xam neftinin tədarükündən gedir. Xammal partiyasını (92 min ton) qəbul edən OMV Petrom şirkəti tərəfindən Azərbaycan nefti ilə bağlı problemlər barədə məlumat verilib. Mütəxəssislər təhlillər apardıqdan sonra neftin üzvi xloridlərlə çirkləndiyini aşkarlayıblar və 92 min tonluq növbəti partiyanın yüklənməsindən imtina etmək qərarına gəliblər.

Bundan əlavə, təhlillərin nəticələrinə əsasən, OMV Petrom şirkəti 92 min tonluq daha bir partiyanı yükləməkdən imtina etmək qərarına gəlib. 

Rumıniyanın Energetika Nazirliyi qeyd edib ki, nəticədə 184 min ton idxal edilmiş neft Petrobrazi neft emalı zavodunun tədarük zənciri üçün əlçatmaz olub.
 
Zavodun normal fəaliyyətini davam etdirmək və daxili bazarda qıtlığın yaranmaması üçün şirkət dövlət ehtiyatlarından 80 min ton neft və 30 min ton dizel yanacağı tələb edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, Energetika Nazirliyi neft tədarükündə ciddi fasilələr yarandığı üçün “lokal böhran” elan edib. Çünki dövlət ehtiyatlarından xammalın buraxılmasına yalnız fövqəladə vəziyyət elan edildikdə, Avropa Komissiyasına əvvəlcədən məlumat verilməklə icazə verilə bilər.

Qeyd edək ki, Rusiya KİV-i bu məlumatı kütləvi şəkildə və xüsusi sevinclə yayıblar. 

Xatirə SADİQ