Azərbaycanda 09:00 - 18:00 iş qrafiki dəyişir - Çevik iş rejimi nədir? + DETALLAR

Azərbaycanda yeni iş rejiminin tətbiqi nəzərdə tutulur, belə ki, beynəlxalq təcrübə əsasında çevik iş vaxtı modelləri hazırlanacaq.

Jul 20, 2026 - 16:20
Azərbaycanda 09:00 - 18:00 iş qrafiki dəyişir - Çevik iş rejimi nədir? + DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, 2026–2030-cu illər ərzində çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi planlaşdırılır.

Bəs çevik iş rejimi nədir?

Çevik iş rejimi işçilərə iş vaxtının başlanması və başa çatması ilə bağlı daha çox seçim imkanı verən əmək formasıdır. Bu modeldə işçi və işəgötürənin razılığı əsasında iş saatları daha sərbəst müəyyən edilə bilər.

Məsələn, işçi ənənəvi 09:00–18:00 iş qrafiki əvəzinə 08:00–17:00 və ya 10:00–19:00 rejimində çalışmağı seçə bilər. Bəzi hallarda isə işin bir hissəsinin məsafədən həyata keçirilməsi də mümkün olur.

Çevik iş rejimi xüsusilə Avropa ölkələrində geniş tətbiq olunur. Bu sistemin əsas məqsədi əmək məhsuldarlığını artırmaq, işçilərin şəxsi və iş həyatını daha yaxşı uyğunlaşdırmaqdır.

Yeni modelin Azərbaycanda tətbiqi ilə bağlı konkret qaydalar isə hazırlanacaq normativ sənədlərdən sonra müəyyənləşəcək.

Oğuz