“Azərbaycanla bütün fundamental məsələlərdə razılığa gəldik” – Paşinyan Kazandan elan etdi + VİDEO
“Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün bütün fundamental məsələlərdə razılığa gəlib”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçirilən sammitdə “autreach”/“BRICS plus” formatının iclasında deyib.
Onun qiymətləndirməsinə görə, sülh müqaviləsi 80-90 faiz razılaşdırılıb, ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə tələblərin irəli sürülməməsi öhdəliyi, eləcə də diplomatik münasibətlərin qurulmasının formulları artıq hazırlanıb.
“Bizim qiymətləndirməmiz belədir – artıq bu gün razılaşdırılmış məzmunda saziş layihəsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh üçün möhkəm zəmin yaradılması və münasibətlərin normallaşdırılması üçün zəruri olan bütün prinsipial məsələləri formalaşdırır, ünvanlayır və həll edir. Biz Azərbaycana bu sazişi imzalamağı təklif edirik”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan hökumətinin indiyə qədər razılaşdırılmış hər şeyi imzalamaq və razılaşdırılmamış müddəaları növbəti mərhələlərə saxlamaq təklifini rədd etmişdi.
Xatirə SADİQ