"Azərbaycanlılar orada qoyundan pul qazanır, burada isə niyə alınmır?" - Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Gürcüstanın heyvandarlıq sahəsində əldə etdiyi nəticələri Azərbaycanla müqayisə edərək maraqlı statistikalar paylaşıb.

Jul 24, 2026 - 13:28
"Azərbaycanlılar orada qoyundan pul qazanır, burada isə niyə alınmır?" - Natiq Cəfərli

SAVASHMEDİA.az xəbər verir ki, Gürcüstan bu ilin ilk 6 ayında xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. 

Eyni zamanda, Gürcüstanın Azərbaycana diri qoyun ixracı da ötən ilin ilk yarısı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Natiq Cəfərli diqqətə çatdırıb ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlı olsa da, sərhədin o tayında yaşayan azərbaycanlılar son illərdə qoyunçuluq sahəsində ciddi irəliləyiş əldə ediblər.

İqtisadçının sözlərinə görə, həmin bölgələrdə qoyunların sayı son illərdə 1,5 dəfə, ixrac isə 3 dəfə artıb. Azərbaycanda isə əks proses müşahidə olunur. O bildirib ki, son 5 ildə ölkədə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb.

Cəfərli bunun səbəblərinin araşdırılmasının vacibliyini vurğulayaraq belə bir sual ünvanlayıb:

"Yaxşı, eyni qoyun, eyni insan, arada bağlı sərhəd - niyə orda soydaşımız uğur və pul qazanır, bizdə isə ancaq şikayət edir, işləyə bilmir?"

Səlcuq