Bayden Pentaqona göstəriş verdi – “Ukraynanı silahlandırın”
ABŞ prezidenti Co Bayden ölkəsinin Müdafiə Nazirliyinə Ukraynaya sürətlə silah tədarükünü davam etdirməyi tapşırığını verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Məlumata görə, amerikalı prezidentin bəyanatı Rusiyanın Ukraynanın enerji sisteminə kütləvi hücumlar həyata keçirməsi xəbərindən sonra yayılıb.
“Miladın ilk saatlarında Rusiya Ukrayna şəhərlərinə və kritik dərəcədə mühüm enerji infrastrukturuna bir sıra raket və dron zərbələri endirdi. Bu iyrənc hücum Ukrayna xalqını qışda istilik və elektrik enerjisindən məhrum etmək və enerji təhlükəsizliyini təhdid etmək məqsədi daşıyırdı”, - deyə Baydenin bəyanatında bildirilib.
Son aylarda ölkəsinin Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketləri verdiyini xatırladan Bayden deyib ki, onların daha çoxu yoldadır.
Çərşənbə günü səhər Rusiya Ukraynanın elektrik şəbəkəsinə və şəhərlərinə qanadlı raketlər, ballistik raketlər və dronlarla hücum edib. Zərbələr nəticəsində Xarkovda ən azı 6 nəfər yaralanıb, Dnepropetrovsk vilayətində isə bir nəfər ölüb.
Xatirə SADİQ