Belarus casus şəbəkəsi Avropada ləğv olundu - Çexiya kəşfiyyatı

Çexiya kəşfiyyat xidməti Rumıniya və Macarıstandakı həmkarları ilə birlikdə Avropada fəaliyyət göstərən Belarus casus şəbəkəsinin ləğv edildiyini elan edib.

Sep 9, 2025 - 14:28
Belarus casus şəbəkəsi Avropada ləğv olundu - Çexiya kəşfiyyatı

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çexiya Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) X sosial şəbəkəsində məlumat paylaşıb.

Çex kəşfiyyatının “diplomatik pərdə altında işləyən kəşfiyyatçı” kimi təsvir etdiyi Belarus səfirliyinin Praqadakı əməkdaşı persona non qrata elan edilib, Rumıniyada isə Minskdə işlədiyi iddia edilən keçmiş yüksək rütbəli Moldova kəşfiyyatçısı saxlanılıb.

BIS-in məlumatına görə, Avropadakı kəşfiyyat şəbəkəsini Belarusun Dövlət Təhlükəsizlik Komitəsi yaradıb. Bununla komitə agentlər şəbəkəsi yaratmağa və kəşfiyyat məlumatlarını toplamağa can atıb. 

“BİS-ə və çex diplomatiyasına casusluqla məşğul olan Belarus agentlərini ifşa edib cəzalandırdıqları üçün təşəkkür edirəm. Biz agentlərin ölkəmizdə dolaşmasına imkan verməyəcəyik və Çexiyanı qoruyacağıq”, - deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski X sosial şəbəkəsində yazıb. 

72 saat ərzində Çexiyanı tərk etmək əmri verilən belaruslu diplomatın adı açıqlanmayıb.

BIS qeyd edir ki, belaruslu agentlər diplomatların Avropada sərbəst hərəkəti imkanından fəal istifadə ediblər. 

Çexiya xüsusi xidmətinin rəhbəri Mixal Koudelka ölkəsinin “Rusiya və Belarusdan akkreditə olunmuş diplomatların Şengen zonasında hərəkətini məhdudlaşdırmaq” təklifini xatırladıb. Bu təklif Aİ səviyyəsində müzakirə olunur və konsensus hələ əldə olunmayıb.

Rusiyanın hərbi və siyasi müttəfiqi olan Belarus hakimiyyəti Çexiya və Rumıniya xüsusi xidmət orqanlarının məlumatına heç bir reaksiya verməyib.

Xatirə SADİQ