Belçika baş nazirindən Avropaya xəbərdarlıq - “Siz menyudasınız…”
Kiyevə səfər edən Belçikanın baş naziri Bart de Vever Avropanı danışıqlar masasında söz sahibi olmaq üçün öz gücünü artırmağa çağırıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Bart de Vever bu çağırışı Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Avropanın, onun müttəfiqlərinin və Ukraynanın gələcəyinin müzakirəsində iştirak etmək üçün Qərb güclü olmalıdır.
“Əgər siz danışıqlar masasında deyilsinizsə, siz menyudasınız. Putin düşünür ki, bizə məhəl qoymaya bilər, ABŞ administrasiyası isə Avropa institutları ilə deyil, ayrı-ayrı dövlətlərlə işləməyə üstünlük verir. Bu, təkcə Avropa üçün deyil, həm də Kanada və digər müttəfiqlər üçün problemdir”, - deyə Belçika hökumətinin başçısı vurğulayıb.
Baş nazir bildirib ki, rəhbərlik etdiyi dövrdə ölkəsi ikitərəfli hərbi yardım çərçivəsində Ukraynaya hər il 1 milyard avro yardım edəcək. “Xarici işlər nazirimiz Maksim Prevost, eləcə də müdafiə nazirimiz buradadır. Müdafiə nazirimiz 2025-ci il üçün 1 milyard avroluq yeni yardım paketi barədə elan edə bildiyi üçün qürur duyur”.
Bart de Vever diqqətə çatdırıb ki, ölkəsi bu il ehtiyat hissələri üçün Ukraynaya iki F-16 təhvil verəcək və gələn il isə daha iki təyyarə veriləcək.
O qeyd edib ki, Belçika F-35 təyyarələrini alan kimi dərhal F-16-ları Ukraynaya ötürə bilər.
“Biz çox ümid edirik ki, onların sayı daha çox olacaq, lakin biz F-35-i gözləyirik. Bizim tərəfimizdən heç bir gecikmə yoxdur”, - deyə baş nazir yekunlaşdırıb.
Volodimir Zelenski ölkəsi üçün 1 milyard avro dəyərində yeni müdafiə paketinə görə Belçika hökumətinə təşəkkür edib.
“Bu gün Belçikanın on müdafiə şirkətinin nümayəndələri baş nazir Bart de Veverlə birlikdə Ukraynadadır. Biz silahların birgə istehsalı və Ukrayna ərazisində istehsala investisiyalar haqqında danışdıq. Bu, bütün Avropa üçün işləyəcək istehsalat olacaq. Bu gün Belçika istehsalçıları ilə üç müqavilə var. Sənədlərin imzalayırıq”, - deyə Zelenski bildirib.
Xatirə SADİQ