Beynəlxalq Cinayət Məhkəməsi antisemitizmdə günahlandırıldı
“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order vermək qərarı antisemitizm çalarları ilə tam dezinformasiya kampaniyasına dəstək rolunu oynayır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu baş nazirin ofisinin müşaviri Dmitri Gendelman “Telegram” kanalında yazıb.
Onun fikrincə, bu kampaniyanın məqsədi İsraili müttəfiqlərindən təcrid etmək və ölkəyə qarşı terror hücumlarını asanlaşdırmaqdır.
“ICC bu gün İsrailin təqdim etdiyi sübut və arqumentlərə məhəl qoymamaq qərarına gəlib, faktiki olaraq İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin tərəfini tutdu”, - deyə Gendelman vurğulayıb.
Qeyd edək ki, ICC Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə orderləri noyabrın 21-də verib. Hakimlərin fikrincə, onlar həm qəsdən, həm də şüurlu şəkildə hərbi zərurət olmadan, Qəzza zolağında yaşayan mülki əhalini qida, su, dərman, yanacaq və elektrik daxil olmaqla, əsas tələbat mallarından məhrum ediblər, bu isə mülki şəxslərin ölməsinə gətirib çıxarıb.
İsrail ICC-nin təsis sənədi olan Roma Statutunu ratifikasiya etməyib.
Bu məhkəmənin icra səlahiyyətləri yoxdur, üzv dövlətlərin könüllü əməkdaşlığına əsaslanır. Roma Statutunu 124 ölkə ratifikasiya edib və məhkəmə prosesi qiyabi olaraq başlaya bilməz.
Xatirə SADİQ