“Bəzi təminatlar münasib ola bilər” - Putinin elçisi

“Rusiya Ukrayna üçün bəzi təhlükəsizlik təminatları ilə razılaşa bilər”.

Apr 4, 2025 - 14:11
“Bəzi təminatlar münasib ola bilər” - Putinin elçisi

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bunu  ABŞ-də səfərdə olduğu zaman Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev Fox News telekanalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Vladimir Putinin onu yolladığı Vaşinqtonda aparılan danışıqlar müəyyən “müsbət nəticə” verib.

“Bəzi təhlükəsizlik təminatları bu və ya digər formada münasib ola bilər”, - deyə Dmitriev vurğulayıb. 

Amma bu zəmanətlərin nədən ibarət olduğuna Dmitriyev aydınlıq gətirməyib. Eyni zamanda o, Ukraynanın NATO-ya daxil olmasını “tamamilə qeyri-mümkün” adlandırıb. 

“The Moscow Times” yazır ki, Ukrayna üçün potensial təhlükəsizlik təminatları ilə bağlı sözlər Kreml nümayəndələri tərəfindən ilk belə bəyanatıdır. Putin dəfələrlə deyib ki, Ukraynada sülh yalnız onun “demilitarizasiyasından” sonra mümkündür. Xarici işlər naziri Sergey Lavrov isə NATO ölkələri qoşunlarının Ukraynada olması ehtimalını “qəti şəkildə” rədd edib. 

Kiyev isə təkid edir ki, Rusiyanın təkrar təcavüzünün qarşısını almağa kömək edəcək Qərb qoşunlarının mövcudluğu şəklində təhlükəsizlik təminatı olmadan sülh sazişi ilə razılaşmayacaq. 

Putinin elçisi kimi Dmitriyev Vaşinqtonda Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla iki gün ərzində danışıqlar aparıb.

Dmitriev Fox News-a müsahibəsində bildirib ki, Vaşinqtondakı danışıqlar müəyyən “müsbət nəticə” verib. CNN-ə müsahibəsində isə o, əlavə edib ki, “əldə edilmiş tərəqqi”ni möhkəmləndirmək üçün yaxın gələcəkdə yeni görüşlər keçiriləcək.

“Politico”nun London və Berlindəki mənbələrinin sözlərinə görə, Tramp və Putin arasında bu həftənin sonu və ya gələn həftənin əvvəlində başqa bir telefon danışığının gözlənildiyini eşidiblər. Amma mənbələr qeyd ediblər ki, hələ heç nə qərarlaşdırılmayıb. 

Ağ Evdəki mənbələr isə  NBC telekanalına bildiriblər ki, Trampın yaxın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Putinə zəng etməməyi tövsiyə edib.

Xatirə SADİQ