Bolqarəsilli nazir müavininin işdən çıxarılma səbəbi - Gimnastları döyüb? 

Gənclər və idman naziri Fərid Qayıbovun müavinlərindən olmuş Mariana Vasilevanın vəzifədən azad edilməsinin səbəbləri məlum olub. 

Jan 16, 2025 - 17:32
Bolqarəsilli nazir müavininin işdən çıxarılma səbəbi - Gimnastları döyüb? 

SAVASHMEDİA.az xəbər verir ki, tribunainfo.az-ın əldə etdiyi xəbərə görə, bir müddət əvvəl Vasileva ilə gimnastlar arasında gərginlik yaşanıb.
 
Hadisənin təfərrüatını açıqlayan mənbə qeyd edib ki, sabiq nazir müavini bəzi gimnastlarla dava edib, hətta onlardan bir neçəsini döydüyü iddiaları var. Həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. 

Bundan başqa Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.

Bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib.

Qeyd edək ki, bu təyinat olarkən də narazılıq doğurmuşdu. Bolqarəsilli Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri ciddi qalmaqala, müzakirələrə səbəb olmuşdu.