Britaniyadan Gürcüstana zərbə – Müdafiə Nazirlikləri arasında danışıqlar ləğv edildi

Böyük Britaniya 10 ildən artıqdır Gürcüstanla mövcud olan “Uordrop Dialoqu” (“Wardrop Dialogue”) illik formatını dondurub.

Oct 15, 2024 - 17:08
Britaniyadan Gürcüstana zərbə – Müdafiə Nazirlikləri arasında danışıqlar ləğv edildi

SAVASHMEDIA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.
 
Bundan əlavə, Müdafiə Nazirliyinin mənzil-qərargahları arasında yüksək səviyyəli danışıqlar ləğv edilib və yeni kibertəhlükəsizlik proqramı dayandırılıb.
 
Bu, dialoq formatının yaradılmasından sonra ilk dəfə baş verib.
 
Britaniyalı səfir öz ölkəsinin mövqeyini belə izah edib: “Parlament vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanun qəbul edəndə narahat olduq. “Gürcü Arzusu”nun liderləri sui-qəsd nəzəriyyələrini yaymağa və Qərb tərəfdaşlarının Gürcüstanı sarsıtdığını söyləməyə başlayanda məyus olduq. “Gürcü Arzusu” seçki proqramının vədlərindən biri kimi müxalifət partiyalarına qoyulan qadağaları adlandıranda şoka düşdük. Ümid edirəm ki, Gürcüstan hökuməti öz yanaşmalarını dəyişəcək və bu, nikbinliyi bərpa etməyə imkan verəcək”.
 
Xatırladaq ki, “Wardrop Dialogue” kimi tanınan Böyük Britaniya–Gürcüstan Strateji Dialoqu iki ölkə xarici, təhlükəsizlik və müdafiə siyasəti də daxil olmaqla geniş spektrli əməkdaşlıq məsələlərinin həllinə xidmət edən yüksək səviyyəli, illik strateji dialoq formatıdır.
 
Xatirə SADİQ