Aİ qeyri-qanuni miqrasiyaya qarşı yeni plan hazırladı – Ursula fon der Lyayen
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Avropa Ittifaqının (Aİ) yeni on bəndlik planını təqdim edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RMF” FM məlumat yayıb.
Ursula fon der Lyayen sammitdən iki gün əvvəl Aİ dövlət və hökumət başçılarına yazdığı məktubda qanunsuz miqrasiya ilə mübarizənin innovativ yollarını elan edib.
AK prezidenti bildirib ki, Aİ-dən kənarda sığınacaq hüququ olmayan miqrantlar üçün mərkəzlərin təşkili imkanları nəzərdən keçirilməlidir.
Ursula fon der Lyayen həmçinin sığınacaq almaq hüququ olmayan miqrantların doğma ölkələrinə qaytarılmasını daha səmərəli edəcək yeni qaydaları açıqlayıb.
O, həmçinin qeyd edib ki, daxili işlər və miqrasiya üzrə komissarın ilk vəzifələrindən biri Rusiya və Belarusdan hibrid hücumlar problemini həll etməkdir. Buraya, məsələn, Minskə uçan aviaşirkətlərlə müqavilələr və daha sərt viza siyasəti daxildir.
Bundan başqa, Ukraynadan olan qaçqınların uzunmüddətli qalmasını tənzimləyən yeni qaydalar da olacaq.
Qeyd edək ki, oktyabrın 17-də Brüsseldə keçiriləcək Aİ dövlət başçılarının və hökumətlərinin ikigünlük sammitinin əsasə mövzularından biri miqrasiya məsələsi olacaq.
Xatirə SADİQ