Britaniyanın qrantı Gürcüstanda təlatüm yaratdı
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Britaniya xarici siyasət idarəsinin Gürcüstana “korrupsiya qrantı” vermək niyyətində olduğundan şübhələndiyini açıqlayıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Böyük Britaniya bu yaxınlarda Gürcüstanda oktyabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində qrant müsabiqəsi elan edib.
Papuaşvili bildirib ki, müsabiqə təşkilatçıları kimə pul vermək istədiklərini əvvəlcədən bilirlər və yarışma saxtadır.
“Şübhələnirəm ki, bu vəsaitin ISFED (Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət) və buna bənzər QHT-milyonçulara köçürülməsi əvvəlcədən məlumdur”, - deyə Papuaşvili iddia edib.
Spikerin sözlərinə görə, bu qrant əvvəlki Amerika maliyyəsi ilə eyni məqsədlərə xidmət edir. Onun fikrincə, başqa ölkələrdə iğtişaşlara, hökumətin dəyişdirilməsinə, sabitliyin pozulmasına xərclənən vəsaitlərin olduğunu ABŞ-nin yeni administrasiyası aşkarlayıb və ifşa edib.
Britaniyanın Xarici Birlik və İnkişaf Ofisindən bildirilib ki, Gürcüstanın qeyri-kommersiya təşkilatları üçün müsabiqə bu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilərin səmərəli keçirilməsini dəstəkləmək məqsədi daşıyır. Bir qayda olaraq, bu cür qrantlar seçkilərin və seçkiqabağı vəziyyətlərin monitorinqinə və müşahidəçilərin hazırlanmasına yönəldilir.
Gürcü KİV-i nəzərə çatdırıb ki, Gürcüstanda hakim partiya son vaxtlar davamlı olaraq Qərb ölkələrini və Qərb fondlarını qeyri-hökumət təşkilatları və media vasitəsilə “inqilab yaratmağa” cəhd etməkdə ittiham edir. Gürcüstan artıq xarici agentlər haqqında qanunun ikinci variantını qəbul edib və “Qrantlar haqqında” qanuna düzəlişlər hazırlayır. Həmin düzəlişlərə görə, təşkilatlar xarici qrantları almaq üçün hökumətdən icazə almalı olacaqlar.
Xatirə SADİQ