Litva ictimaiyyəti Kristina Orbakaytedən cavab tələb etdi
Rusiyanın tanınmış estrada müğənnisi Kristina Orbakaytenin mayın 31-də Vilnüsdə planlaşdırılan konserti Litva ictimaiyyətində qəzəb doğurub.
SAVASHMEDİA.az Litva KİV-nə istinadən xəbər verir ki, bu barədə ictimai xadim Valdas Bartkyaviçyus bildirib.
Bartkyaviçyus xatırladıb ki, 2014-cü ildə rusiyalı müğənni Krıma getmək üçün dövlət sərhədini qeyri-qanuni olaraq keçib və Ukrayna qanunvericiliyini şüurlu şəkildə pozub. Litvalı ictimai xadim bunu Orbakaytenin Rusiya təbliğatı ilə məşğul olması kimi dəyərləndirib.
O, əlavə edib ki, Orbakayte 2022-ci ilin oktyabrında da Krımda çıxış edib, halbuki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü 6 ay idi davam edirdi.
Sosial şəbəkələrdə izləyicilərin hiddətindən sonra Litvanın baş naziri Palutskas deyib ki, konsert təşkilatçıları müğənnidən onun siyasi baxışları barədə soruşmalıdırlar: “O, Krımın ilhaqını dəstəkləyir, yoxsa əleyhinədir?”.
O, həmçinin əlavə edib ki, Orbakaytenin Rusiya lideri Vladimir Putindən mükafatı qəbul edərkən fotosunu görüb.
Amma Litva hökumətinin başçısı əmindir ki, müğənninin Ukraynadakı müharibə ilə bağlı mövqeyi indi daha vacibdir. “Konsert təşkilatçılarının bu sualı vermək və ictimaiyyətə cavab vermək imkanı var”, - deyə Palutskas vurğulayıb.
Xatırladaq ki, Kristina Orbakayte məşhur müğənni Alla Puqaçovanın böyük qızıdır. Hazırda ABŞ-də yaşayan Kristina Orbakayte vətənində konsertləri kütləvi şəkildə ləğv olunduğundan ötən il Rusiyanı birdəfəlik tərk edib. Ona qarşı bu addım anası Alla Puqaçovanın və onun əri Maksim Qalkinin açıq şəkildə Ukraynanın dəstəklədiklərinə, Putinin təcavüzkar siyasətini pislədiklərinə görə atılıb. İndi bu yaradıcı ailə konsert fəaliyyətini xaricdə davam etdirir.
Xatirə SADİQ