Bu bank Ramiz Mehdiyevin gəlinindir

"Bank BTB" ASC-nin zərəri 30% artaraq, bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

Oct 15, 2025 - 13:49
Bu bank Ramiz Mehdiyevin gəlinindir

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, bu il oktyabrn 1-nə "Bank BTB"nin aktivləri 389,268 milyon manat, öhdəlikləri 338,413 milyon manat olub. Yeri gəlmişkən, aktivlərin 276,304 milyon manatı müştərilərə verilmiş xalis kreditlər olub.

Beləliklə bankın aktivləri illik nisbətdə 5,7, öhdəlikləri 7 % artıb.

Qeyd edək ki, 2022-ci ildən maliyyə sıxıntıları içində olan bankın zərəri 2023-cü ilin sonunda 2,7 milyon manata çatıb. Buna baxmayaraq bank 2024-cü ili 839 min manat zərərlə başa vurduğunu açıqlayıb. Bu ilin ikinci rübündə isə bankın zərəri 1,6 milyon manat təşkil edib. Halbuki, Mərkəzi Bankın maliyyə sektoru üzrə hesabatında bu rəqəm 2 milyon manat göstərilir. Proseslər göstərir ki, bank son iki ildir maliyyə ilinin sonuna doğru zərərinin müəyyən hissəsini gizlətməklə bazarda qalmağa çalışır.

Bununla belə bankın 2022-ci il tarixinə qalıq zərəri 20 milyon 901 min manat, 2023-cü ildə 27 milyon 14 min manat, 2024-cü ildə 27 milyon 222 min manat olub.

2024-cü ilin aprelində bank 5,000 min AZN məbləğində subordinasiya olunmuş borcları konvertasiya etmək yolu ilə nizamnamə kapitalını artırıb. Vəsaitlərin illik faiz dərəcəsi 9%, son ödəmə müddəti isə 27 iyun 2028-ci il müəyyən edilib.

Hazırda 71 milyon 450 min manat nizamnamə kapitalına sahib "Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır (İsmayıl qızı). Xanım Mehdiyeva bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malikdir. Bununlada nizamnamə kapitalında 76.7376% paya malikdir. 12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq Rzanın (İsmayıl oğlu) nizamnamə kapitalında payı 17.6823%, 3 987 ədəd adi adlı sənədsiz səhmə sahib Tükazban Mahmudovanın nizamnamə kapitalında payı 5.5801%-dir.

Yeri gəlmişkən, Sadiq Rza İsmayıl oğlu Nigar Mehdiyevanın qardaşıdır. 1987-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildən "Bank BTB" də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən bankın Müşahidə Şurasının sədri seçilib. O, həm də Rəssamlar İttifaqının üzvüdür.

Digər tərəfdən, 276,304 milyon manatlıq kredit portfelinə malik "Bank BTB"-də milyonlarla manat vaxtı keçmiş kredit var. Bu bank əhalinin ən çox şikayət etdiyi bankdır. İyul ayında bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,71 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.