“Bu il müharibənin bitməsi imkanı var” – Zelenski
“Bu il Amerika və Avropanın dəstəyi ilə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək imkanı var”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşa mediasına müsahibəsində deyib.
Polyak jurnalistlərin “2025-ci ildə müharibəni bitirmək şansı varmı?” sualına Zelenski “Bəli, var” cavabını verib.
“Tramp həqiqətən də müharibəni bitirmək istəyir. O, Rusiyaya təzyiq göstərməyi bacarır. Əminəm ki, Rusiya Amerikadan və Çindən qorxur. Tramp məcbur edə bilər. Biz Ukrayna üçün konkret təhlükəsizlik təminatlarının olduğu barədə Trampla razılığa gəlməliyik və o, bu müharibəyə son qoymaq üçün Putini diplomatiya vasitəsinə məcbur etməlidir”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Rusiyaya siqnal olacaq xüsusi təhlükəsizlik təminatlarını Ukraynaya təqdim etməlidir.
O, qeyd edib ki, hazırda Ukraynanın ABŞ, eləcə də öz silahlarının istehsalını xeyli artıran Avropa İttifaqı (Aİ) kimi güclü tərəfdaşları var. Zelenskinin fikrincə, Aİ özü üçün silah istehsalını daha da artırmalıdır ki, ruslar Avropanın müdafiə vasitələrinə malik olduğunu başa düşsünlər: “Bu yolla Putinin əlindən vurmaq olar”.
Xatirə SADİQ