“Bu ölkənin sahibləri vətəndaşlarıdır, kallas-mallaslar deyil” – Tiflis meri
“Avropa İttifaqı (Aİ) tamamilə maraqlı deyil. Əlahəzrət gürcü xalqı mənim üçün hər şeydən önəmlidir. Kallas və Kos sizə kömək etməyəcək”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə Tiflis meri Kaxa Kaladze deyib.
O, bildirib ki, “Gürcü Arzusu” sabah Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun birgə bəyanatına cavab verəcək.
“Mənim mövqeyim sadədir: nə Kallas, nə də Kos sizə kömək etməyəcək, çünki gürcü xalqı sizi dəstəkləmir. Siz bir şeyi başa düşməlisiniz – bu ölkənin ağaları və sahibləri onun burada gördüyünüz sadə vətəndaşlarıdır, ölkə əhalisidir, kənardakı bəzi kallas-mallaslar yox. Bunu anlayın, dərk edin. Bu ölkəni yalnız əlahəzrət gürcü xalqı idarə edir. Onlar hakimiyyətdə kimin olacağına, müxalifət spektrinin necə təmsil olunacağına qərar verirlər”, - deyə Kaladze vurğulayıb.
Qeyd edək ki, Kaya Kallas və Marta Kos Gürcüstanda keçirilən yerli idarəetmə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Qeyd edilib ki, Gürcüstanda müxtəlif fikirliliyin davamlı yatırılması və rəqabətli seçkinin azaldılması fonunda bu şənbə günü yerli seçkilər keçirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi 4 oktyabr aksiyasının təşkilatçıları Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjqaladze və Laşa Beridzenin həbs olunduğunu bildirib. Müxalifət siyasətçiləri 9 ilə qədər həbs gözləyir.
Xatirə SADİQ