"Bu qədər müsəlman var, bir-birimizi niyə qırırıq?" - Ukraynalı stəndapçı polisə düşdü

Kiyev polisi müsəlmanlarla bağlı qalmaqala səbəb olmuş stəndapçı-komik Anton Stenyukun hərəkətləri ilə bağlı araşdırma aparır.

Oct 30, 2024 - 15:55
"Bu qədər müsəlman var, bir-birimizi niyə qırırıq?" - Ukraynalı stəndapçı polisə düşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyi məlumat yayıb. 

Polisdən bildirilib ki, məhkəməyə qədərki araşdırma Ukrayna CM-nin 161.1 maddəsi üzrə aparılır. Maddənin sanksiyası vətəndaşların vergi tutulmayan minimum gəlirinin 200 mislindən 500 mislinədək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya müəyyən vəzifə tutma və ya məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Sentyabrın 25-də ukraynalı stəndapçı-komik Anton Stenyuk çıxışında deyib: 

“Bu müharibə, sadəcə, cəfəngiyyatdır. Dünyada hələ də bu qədər müsəlman olduğu halda bəzi pravoslav xristianların digər pravoslav xristianları öldürməsinin necə baş verdiyini bilmirəm. Müsəlmanları öldürmək lazım olduğunu demirəm, mən adekvat insanam, başa düşürəm ki, indi vaxt deyil. Üstəlik, iudeylər artıq bunu edirlər”.

Milli Məclisin sədri Refat Çubarov müsəlmanlarla bağlı bu zarafata görə stəndapçı-komiki sərt tənqid edib. 

Sonra Stenyuk üzr istəyib və deyib ki, videonun bu hissəsini artıq sosial şəbəkələrdən silib: “Biz bu hissəni “YouTube”da dərc olunan çıxışdan da çıxaracağıq”.

Xatirə SADİQ