“Seçkiləri Co Bayden deyil, ATƏT qiymətləndirir” – Tiflis meri

“Co Bayden seçkilərin, eləcə də hökumətin legitim olub-olmamasının qiymətləndiricisi ola bilməz”.

Oct 30, 2024 - 15:58
“Seçkiləri Co Bayden deyil, ATƏT qiymətləndirir” – Tiflis meri

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Tiflisin meri, “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze deyib.

ABŞ prezidentinin bəyanatını şərh edərkən mer qeyd edib ki, seçkiləri ATƏT/DTİHB qiymətləndirir. 

“Onların aralıq hesabatını eşitdik, çox gözəl idi, nə seçkilər zamanı, nə də seçkilərdən sonra belə bir hesabat yadımda deyil. Birbaşa çıxıb dedilər ki, seçkilər rəqabətli, çoxpartiyalı keçib. İnsanlar öz seçimlərini etmək imkanı əldə etdilər. Bəyanatlara gəlincə, hər şeyə cavab verilməsi üçün araşdırma başladı. Yəni sual işarəsi qalmasın. Demək istəyirəm ki, istər ölkə daxilində, istərsə də xaricdə kimin istəyi varsa, biz hər kəsə hər şeyi saymaq imkanı veririk. Mən bizim həqiqətimizə əminəm”, - Kaladze bildirib.

“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze isə Baydenin bəyanatını Gürcüstanda keçirilən seçkilərin tanınması kimi qiymətləndirib. 

O, bunu Bayden-Harris administrasiyasının Helsinki Komissiyası tərəfindən sərt tənqid edilməsi ilə izah edib. 

Qeyd edək ki, ABŞ president Co Bayden Gürcüstandakı parlament seçkiləri ilə bağlı xüsusi bəyanatla çıxış edib. O, seçkilərin çoxsaylı inzibati resursdan sui-istifadə, seçicilərin hədə-qorxusuna və zorakılığa məruz qalması halları ilə yadda qaldığına diqqəti cəlb edib. 

Amerikalı prezident Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, “Xarici Təsir Aktı” kimi qanunları ləğv etməyə və dərhal Gürcüstandakı bütün siyasi qüvvələrlə inklüziv dialoqa başlamağa çağırıb. 

Xatirə SADİQ