Budapeşt Aİ-nin Gürcüstana qarşı sanksiyalarına mane olacaq
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Gürcüstan hakimiyyətinun yüksək vəzifəli şəxslərinə qarşı Avropa İttifaqının (Aİ) sanksiyalar tətbiq etməsinə mane olacağını vəd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “444.hu” portalı məlumat yayıb.
Budapeştdə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri ilə görüşdən sonra Peter Siyarto bildirib ki, gürcü rəsmilərinə qarşı Avropa sanksiyaları məntiqsiz və ədalətsiz olacaq. Nazirin sözlərinə görə, lazım gələrsə, Macarıstan onlara mane olacaq.
O, əlavə edib ki, həm Macarıstanda, həm də Gürcüstanda hakimiyyətdə vətənpərvər hökumət var, liberal meynstrim isə onlara siyasi və ideoloji hücumlar edir.
Gürcüstanı yeni parlament seçkiləri keçirməyə çağıran Avropa Parlamentinin qətnaməsini tənqid edən Siyarto bu sənədi “gürcü xalqının alçaldılması” adlandırıb.
Siyarto deyib ki, gürcü seçiciləri sülh və ailə dəyərlərinin tərəfdarı olan vətənpərvər, mühafizəkar hökumət seçiblər, Brüsseldən gələn təzyiqlər və seçkilərin demokratikliyinə dair şübhələr də bununla bağlıdır.
Macarıstan XİN başçısı həmçinin avrointeqrasiyanı sürətləndirmək istiqamətində Gürcüstana dəstək göstəriləcəyini vəd edib.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban səsvermənin ilkin ləri dərc olunmamışdan öncə “Gürcü Arzusu” hakim partiyasını qələbə münasibətilə ilk təbrik edən dövlət başçısı olmuşdu. O, seçkilərdən dərhal sonra Tiflisə səfər etmişdi. Buna görə Gürcüstan müxalifətinin fəalları Orbanı otelin qarşısında fitə basaraq, onun əleyhinə şüarlar səsləndirmişdi.
Xatirə SADİQ