Müxalifət lideri prezidentin devriləcəyini istisna etmədi – Belarusda
Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya hazırkı president Aleksandr Lukaşenkonun çevriliş nəticəsində hakimiyyətini itirə biləcəyini istisna etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, mühacirətdə yaşayan Svetlana Tixanovskaya bu barədə “Avropa həqiqətləri” nəşrinə müsahibəsində bildirib.
Tixanovskayanın sözlərinə görə, Belarusda Ukraynada döyüşən Kalinovski alayının hərbçilərinə böyük hörmət və ümidlə yanaşırlar, çünki onlar gələcəkdə Belarus ordusunun əsasını təşkil edəcəklər.
“Əksəriyyət həmçinin sonda məhz Kalinovski alayının əsgərlərinin Belarusu azad edəcəklərini gözləyirlər. Əlbəttə, burada çoxlu ssenarilər ola bilər. İstərdik ki, hər şey dinc yolla baş versin, amma bunun necə olacağını kim bilir”, - deyə o, əlavə edib.
Tixanovskaya qeyd edib ki, ədalətli seçkilər vasitəsilə Belarusda hakimiyyətin sülh yolu ilə dəyişməsi ssenarisinə ümid edir. “Amma, əlbəttə, ssenarilər çox ola bilər. Saray çevrilişi mümkündür. Və burada indi Ukraynada olan ordumuz rol oynaya bilər. Amma biz hazır olmalıyıq”, - deyə siyasətçi vurğulayıb.
Belarus müxalifətinin lideri nəzərə çatdırıb ki, Belarusda azad seçkilər yalnız bütün siyasi məhbusların azadlığa buraxılması, söz və fikir azadlığının olması şərtilə baş tuta bilər.
Xatırladaq ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçirilməlidir.
Qeyd edək ki, Tixanovskaya belarusları bu seçkilərdə iştirak etməməyə və repressiyalara məruz qalmamaq üçün etirazlara çıxmamağa çağırıb.
Xatirə SADİQ