“Onun kimin tərəfində olduğu məlumdur” - Tuskdan Orbana cavab
Polşanın baş naziri Donald Tusk macar həmkarı Viktor Orbanla Rusiya-Ukrayna müharibəsi ilə bağlı fəqli mövqelərinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tusk bu barədə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinə gələrkən jurnalistlərə danışıb.
Tusk bildirib ki, iki liderin Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə bir-birinə tənqidi münasibəti uzun illərdir məlumdur.
“Viktor Orban hesab edir ki, müharibə yoxdur. Mən hesab edirəm ki, müharibə var, əsl sual müharibənin olub-olmamasında deyil. Əsl sual bu müharibədə kimin tərəfində olmağındır”, - deyə Tusk vurğulayıb.
Onun sözlərinə görə, Polşanın, NATO və Avropanın kimin tərəfində olduğu məlumdur: “Təəssüf ki, Viktor Orbanın kimin tərəfində olduğu da aydındır”.
Polşanın baş naziri əlavə edib ki, amma bu fikir ayrılığı onun macar həmkarı ilə normal söhbətinə mane olmur: “Mən Avropadakı tərəfdaşlarımızla sivil şəkildə danışmağa çalışıram və emosiyalarımı saxlamağı bacarıram”.
Xatırladaq ki, Donald Tusk bu yaxınlarda Qərb cəmiyyətlərinə müraciət edərək, Ukraynadakı müharibənin yad münaqişə olmadığını, bütün Qərbin müharibəsi olduğunu anlamağa çağırıb.
Viktor Orban buna cavab olaraq Tuski avropalıları Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib.
Xatirə SADİQ