Budapeştdəki məşhur körpü Ukrayna bayrağının rənglərinə boyandı
Budapeşt meri Gergey Karaçon Ukraynanın Müstəqillik Günü münasibətilə Zəncirli körpünü Ukrayna bayrağının rənglərində işıqlandırmaq qərarı verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Hirado nəşri məlumat yayıb.
“Ukraynanın müstəqilliyinin 34-cü ildönümündə Zəncirli körpü növbəti dəfə Ukrayna bayrağının rəngləri ilə parladı. Axı Ukraynanın müstəqilliyini dəstəkləmək bizim həm mənəvi borcumuz, həm də fundamental milli maraqlarımızdır”, - deyə Budapeşt meri bu qərarı ilə bağlı “Facebook”da yazıb.
Nəşr qeyd edib ki, paytaxt merinin bu addımı Macarıstanın baş naziri Viktor Orbanın lideri olduğu “Fides” partiyasında hiddət doğurub.
Budapeşt Şəhər Şurasındakı “Fides” fraksiyasının nümayəndəsi Bela Radiç şəhər merinin bu hərəkətini pisləyib. Onun sözlərinə görə, bir şəhərin əsl meri, xalqı başqa ölkə tərəfindən təhdid və şantaj edildikdə, Budapeşti təhdid edən ölkənin rəngləri ilə paytaxtın rəmzi sayılan körpüsünü bəzəyir.
O, qeyd edib ki, Macarıstanın ürəyi ölkənin bayrağının rəngləri olan qırmızı, ağ və yaşıldır, paytaxt meri isə macarların tərəfində dayanmalıdır.
Paytaxtın “Fides” fraksiyasının lideri Aleksandra Szentkirayi isə bu hadisəni “Facebook”da biabırçılıq adlandırıb: “Siz qlobalist, liberal, solçu ola bilərsiniz, lakin macar millətinin əsas maraqlarına bu qədər biganə olmaq – bu, yeni dibdir”.
Nəşr xatırladıb ki, Karaçon işğalçı Rusiyanın genişmiqyaslı hücumundan bir gün əvvəl şəhər meriyası binasında Ukrayna bayrağını qaldırmışdı.
“Avropa birliyinin bir hissəsi olaraq biz Ukraynanın suverenliyini müdafiə etməli və Putinin hərəkətlərinə daha qətiyyətlə etiraz etməliyik”, - deyə mer yazmışdı.
Xatırladaq ki, Rusiyadakı “Drujba” neft kəmərinin vurulmasından sonra Macarıstan və Ukrayna arasında onsuz da mürəkkəb olan münasibətlər daha da gərginləşib.
Ukraynanın “Drujba” neft kəmərinə zərbələri və Budapeştin Ukraynanın Avrointeqrasiya prosesinə təsiri ilə bağlı suala cavab verərkən Ukrayna prezidenti Volodimir Zelenski belə cavab verib: “Biz Ukrayna ilə Macarıstan arasındakı dostluğu həmişə dəstəkləmişik. “Drujba”nın mövcudluğu Macarıstanın mövqeyindən asılıdır”.
Macarıstanın baş naziri Viktor Orban buna cavab olaraq bildirib ki, Ukrayna prezidentinin ritorikası ikitərəfli münasibətlərə təsir edəcək.
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə ölkəsinin Ukraynaya elektrik enerjisinin verilişini kəsə biləcəyinə eyham vurub.
Qeyd edək ki, məhz Macarıstan Avropa İttifaqında Ukraynanın dəstəklənməsi ilə bağlı layihələrə veto qoymaqla məşğuldur
Xatirə SADİQ