Tramp Orbanı bu fikrindən daşındırıb? - Politico

ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına maneəni qaldırmağa inandırıb. 

Aug 27, 2025 - 14:41
Tramp Orbanı bu fikrindən daşındırıb? - Politico

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Politico nəşri məlumat yayıb.

Adının çəkilməsini istəməyən diplomat bildirib ki, Orban Moldovanın Aİ üzvlüyünə dəstək verməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, bu dinamikanı dəyişib.

Fransa məmurlarından biri vurğulayıb ki, həm Ukraynanın, həm də Moldovanın xeyrinə arqumentlər var, lakin “Brüsseldə qərar yekdilliklə qəbul edilir və biz bu prinsiplərə əməl etməliyik”.

“Bloomberg” avqustun 19-da mənbələrə istinadən yazıb ki, Trampın avqustun 18-də Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə sammiti çərçivəsində avropalılar Amerika prezidentindən Ukraynanın Aİ-yə daxil olmasına əngəl törədən Orbana “təsirindən istifadə etməyi” xahiş ediblər. Buna görə də Ağ Evdəki görüşdən sonra ABŞ prezidenti Macarıstanın baş naziri ilə əlaqə saxlayıb, Budapeştin nə üçün müvafiq danışıqlara mane olduğunu müzakirə edib. 

“Bloomberg”in mənbələri Orbanın Amerika prezidentini dinləyib-dinləmədiyi barədə məlumat verməyiblər. Lakin avqustun 19-da Orban yenidən Ukraynanın Aİ-yə üzvlüyü məsələsindən imtina edib.

Orban dəfələrlə Ukraynanın həm NATO, həm də Aİ-yə üzvlüyünün əleyhinə olduğunu bildirib. Macarıstan hökuməti iyunun 26-da Ukraynanın Aİ-yə daxil olması ilə bağlı keçirilən “referendumun” yekun nəticələrini açıqlayıb və guya seçicilərin 95%-nin bunun əleyhinə səs verdiyini bildirib. Orbanın sözlərinə görə, Macarıstan bununla da Ukraynanın Aİ-yə üzvlüyünü dayandırıb.

Orban həmçinin bəyan edib ki, Ukraynanın Aİ-yə daxil olması Avropanı birbaşa münaqişəyə “sürüyəcək” və heç kim bununla razılaşmayacaq.

Zelenski bildirib ki, macarların 70%-i Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir. Bundan başqa, Ukrayna prezidenti eyham vurub ki, Macarıstana neft nəql edən “Drujba” neft kəmərinin taleyi Macarıstanın Ukraynanın Aİ-yə daxil olması ilə bağlı davranışından asılı olacaq.

Xatirə SADİQ