İran Hörmüzdən keçən hər gəmidən 7%-dək pul istəyir - YENİ QƏRAR

İran Hörmüz boğazından keçən kommersiya gəmilərində daşınan yükün dəyərinin 7%-dək tranzit haqqı kimi tələb edir.

Aug 7, 2026 - 23:08
İran Hörmüzdən keçən hər gəmidən 7%-dək pul istəyir - YENİ QƏRAR

SAVASHMEDİA.az xəbər verir ki, İranın təklifləri ABŞ ilə aparılan danışıqlarda əsas mübahisə mövzularından birinə çevrilib.

Məlumata görə, Tehran Hörmüz boğazından keçid üçün 5-7 faiz civarında ödəniş tələb edir. ABŞ isə belə bir haqqın tətbiqinə qarşıdır.

Hörmüz boğazı dünyanın ən mühüm enerji marşrutlarından biridir. Müharibədən əvvəl dünya neftinin təxminən beşdə biri bu su yolu üzərindən daşınırdı. Bu səbəbdən boğazda hər hansı məhdudiyyət və ya əlavə xərc qlobal enerji bazarına birbaşa təsir göstərə bilər.

İranın başqa tələbi də var

Tehran bununla yanaşı, ABŞ və İsrailə məxsus gəmilərin, eləcə də digər “düşmən” ölkələrə aid bəzi gəmilərin Hörmüzdən keçidinə məhdudiyyət qoyulmasını nəzərdə tutan plan üzərində də işləyir.

ABŞ isə Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün açıq qalmasını və keçidə görə İrana ödəniş edilməməsini istəyir.

Beləliklə, Hörmüz boğazının gələcək statusu İranla ABŞ arasında aparılan danışıqların ən həssas məsələlərindən biri olaraq qalır.

Əgər İranın tranzit haqqı tələbi qəbul edilərsə, bu, beynəlxalq gəmiçilik və enerji bazarında əlavə xərclərə səbəb olacaq. 

Səlcuq