Avropanın cənubunda havanın temperaturu 40°C-ni keçdi

Avropanın cənubunda – İtaliya, İspaniya, Yunanıstan və sair ölkələrdə temperaturun 40°C-dən yuxarı qalxması yerli hakimiyyət orqanlarını meşə yanğınları ilə bağlı yeni xəbərdarlıqlar etməyə vadar edib.

Jun 30, 2025 - 13:59
Avropanın cənubunda havanın temperaturu 40°C-ni keçdi

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir. 

Bazar günü Portuqaliyada müfaviq strukturlar istilər və meşə yanğınları ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib. Lissabonda temperaturun 42°C-dən çox olacağı gözlənilir.

İtaliyada bir neçə bölgə – Latsio, Toskana, Kalabriya, Puglia və Umbria – rekord yüksək temperaturlara cavab olaraq günün ən isti saatlarında açıq havada bəzi işlərə qadağa qoymağı planlaşdırıb.

İtaliya həmkarlar ittifaqları hökuməti bu cür tədbirləri ölkə daxilində genişləndirməyə çağırıb.

İtaliyanın səhiyyə nazirliyi bazar günü Roma, Milan və Neapol kimi məşhur istiqamətlər də daxil olmaqla 21 şəhəri istiliklə əlaqədar yüksək təhlükəli zona elan edib.

Yunanıstan da ekstremal hava şəraiti ilə əlaqədar meşə yanğınlarına qarşı yüksək hazırlıq vəziyyətində olub.

Havanın temperaturu İspaniyanın cənub və mərkəzi hissələrindəki şəhərlərdə, o cümlədən Sevilyada 42°C-ə çatdığından yerli sakinlər və turistlər bu həftə sonu istidən qaçmağa çalışıblar. 

Yerli hakimiyyət orqanları günün ən isti saatlarında fiziki fəaliyyətdən çəkinməyi və bol su içməyi tövsiyə ediblər. 

Mütəxəssislər yaranmış vəziyyəti iqlim dəyişikliyi ilə əlaqələndirərək, bu cür ekstremal hava hadisələrinin Avropanın cənub hissələrində getdikcə daha çox yayıldığı barədə xəbərdarlıq ediblər.

Xatirə SADİQ