Tramp İlon Maska vəzifə verəcəyini təsdiqlədi - Milyarder üçün yeni nazirlik yaradılır
Tramp administrasiyası milyarder İlon Mask və iş adamı, respublikaçıların prezidentliyə keçmiş namizədi Vivek Ramasvami üçün yeni nazirlik yaradır.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə yeni seçilmiş prezident Donald Tramp məlumat yayıb.
Onun sözlərinə görə, İlon Mask və Vivek Ramasvami yeni yaradılmış Dövlət İdarəetməsinin Səmərəliliyinin Artırılması Nazirliyinə (DOGE) rəhbərlik edəcəklər.
Tramp deyib ki, Mask və Ramasvami onun administrasiyası üçün bürokratiyanı azaltmaq, izafi nizamlamaları, təyinatına uyğun olmayan xərcləri azaltmaq və federal agentlikləri yenidən qurmaq üçün yol açacaqlar.
Trampın sözlərinə görə, onların işləri 2026-cı il iyulun 4-dək başa çatacaq. Onun fikrincə, xərclərin azaldılması və hökumətin səmərəliliyinin artırılması Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü üçün ölkəyə “hədiyyə” olacaq
Xatırladaq ki, amerikalı milyarder Trampın seçki kampaniyasına milyonlarla dollar ianə edib və onunla birgə ictimaiyyətə açıqlamalar verib. Tramp kampaniyası zamanı demişdi ki, o, dünyanın ən zəngin adamı olan Maska öz administrasiyasında hökumətin səmərəliliyinin artırılmasına yönəlmiş vəzifə təklif edəcək.
Xatirə SADİQ