“Şəfa”nın baş məşqçisi Əliyar Ağayevdən ŞİKAYƏTLƏNDİ
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri matçı (2:2) şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında matçın baş hakimi Əliyer Ağayevin idarəçiliyindən şikayətlənib.
"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Dinamik oyun keçdi. Çoxsaylı qol epizodları yaratdıq, 2 qol vurduq, fərdi səhvlərdən isə 2 top buraxdıq. Oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır. Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penalti qərarının yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda fol epizodlarında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu bildirirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda baş verənlər nəticəsində 4 xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm"