Milli komandadan imtina edən futbolçu ÖLÜMLƏ HƏDƏLƏNİR - FOTOLAR
İsveçin “Xammarbyu ” klubunda çıxış edən iraqlı futbolçu Montader Madjed milli komandaya qoşulmaqdan imtina etdikdən sonra ölümlə hədələnib.
SAVASHMEDİA.az xəbər verir ki, İraqın “Al-Shorta” klubunun İdarə Heyətinin üzvü Adi əl-Rubai 21 yaşlı futbolçunu təhdid edib.
“Dijlah” telekanalına danışan klub rəsmisi bildirib: “Ölkəmin adına hörmət etməyən şəxsi edam etdirərəm”.
Aparıcının bu fikrin həddindən artıq sərt olub-olmadığı barədə sualına isə əl-Rubai “Xeyr, qətiyyən şişirdilmiş deyil” cavabını verib.
Bu açıqlama İraq Futbol Federasiyasının kəskin etirazına səbəb olub. Federasiyanın sözçüsü Əhməd əl-Fəlluci təhdidi pisləyərək bildirib ki, bu cür ifadələr səsləndirən şəxs barəsində hüquqi tədbirlər görülməlidir.
Qeyd edək ki, İsveç və İraq vətəndaşlığı olan Montader Madjed aşağı yaş qruplarında İsveç millisində çıxış etsə də, 2023-cü ildə milli komanda seçimini İraqdan yana edib. O, həmin vaxtdan İraqın əsas millisinin heyətində dörd oyun keçirib.
Bu ilin əvvəlində M.Madjedin dostlarının İraq millisini ələ saldığı videonun yayılması futbolçunun yığma komanda ilə münasibətlərinin gərginləşməsinə səbəb olub. Daha sonra səhvini etiraf edən Madjed 2026-cı il FIFA Dünya Çempionatının heyətinə daxil edilməyib.
Münasibətlərin normallaşmağa başlamasından sonra İraq millisinin baş məşqçisi Qrem Arnold futbolçunu yenidən komandaya dəvət edib. Lakin Madjed bu çağırışı qəbul etməyib.
Qərarını şərh edən 21 yaşlı futbolçu vəziyyətin mürəkkəb olduğunu və hazırda diqqətini çıxış etdiyi kluba yönəltmək istədiyini bildirib.
Banu