Makron üçün gizli bunker tikilib - Parisdən qaçış planı
Fransa Prezidenti Emmanuel Makronun mümkün kütləvi iğtişaşlar zamanı təxliyəsi üçün Parisin ətrafında gizli sığınacaq yaradılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalistlər Pyer Qastino, Antuan İzambar və Frank Renonun müəllifi olduqları “Kölgələrin yeni ordusu” kitabında məlumat verilib.
“The Telegraph” nəşrinin yazdığına görə, sığınacaq Yelisey sarayının zor gücünə ələ keçirilməsinə cəhd ediləcəyi təqdirdə dövlət başçısının təhlükəsiz əraziyə çıxarılması üçün nəzərdə tutulub.
Kitab müəlliflərinin məlumatına görə, bunkerin yaradılması təşəbbüsü 2018-ci ildə Fransada “Sarı jiletlilər” hərəkatının etirazlarından sonra irəli sürülüb. Həmin dövrdə Le-Püi-an-Vele kommunasında Emmanuel Makron nümayişçilərin aqressiyası ilə üzləşib. Kitabın həmmüəlliflərindən biri “France Inter” radiostansiyasına açıqlamasında həmin vaxt hökumətin ciddi tərəddüd yaşadığını bildirib.
Fransa hakimiyyəti təxliyə planlarını hazırlayarkən 1934-cü ilin fevralında baş vermiş kütləvi iğtişaşların təcrübəsini də nəzərə alıb. Həmin hadisələr hökumət kabinetinin istefası ilə nəticələnmişdi.
Nəşrdə 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində xüsusi xidmət orqanlarının mümkün böhran ssenarilərinə hazırlığından da bəhs olunur. Bu çərçivədə kütləvi iğtişaşlar, təxribatlar, genişmiqyaslı kiberhücumlar və hətta silahlı üsyanın yatırılması üçün xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ehtimalları nəzərdən keçirilir.
Müəlliflər seçkilərin nəticəsindən asılı olaraq yarana biləcək təhlükələrə də diqqət çəkiblər. Rəsmilərin qiymətləndirməsinə görə, sağçı siyasətçi Marin Le Penin qələbəsi sol radikal qruplaşmaların, şəhərətrafı ərazilərdə yaşayan gənclərin və seçkilərin nəticələrini qəbul etməyən kənd sakinlərinin iştirakı ilə küçə toqquşmalarının yeni mərhələsinə səbəb ola bilər.
Solçu siyasətçi Jan-Lük Melanşonun qələbəsi isə polis strukturlarında “passiv müqavimət” ehtimalını gündəmə gətirir.
Mümkün böhranlara hazırlıq məqsədilə Fransanın müvafiq qurumları müxtəlif təlimlər keçirir. Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) xarici qüvvələrin seçki prosesinə müdaxiləsi ssenarilərini modelləşdirib. Paris polisi isə rabitə sistemlərinin sıradan çıxması ehtimalına qarşı şifrələnmiş smartfonlardan istifadə etmədən fəaliyyət göstərmək üzrə məşqlər keçirib.
Bundan başqa, parlament binasının fiziki mühafizəsinin gücləndirilməsi üçün ordu bölmələrinin cəlb olunması imkanları da nəzərdən keçirilib.
Bununla belə, xüsusi xidmət orqanlarının kütləvi etirazların miqyasını əvvəlcədən düzgün qiymətləndirmədiyi hallar da olub. Kitab müəllifləri yüksək vəzifəli kəşfiyyat əməkdaşına istinadən bildirirlər ki, yanacağın bahalaşması və sosial narazılığın artması fonunda hələ aprel ayında genişmiqyaslı iğtişaşlar barədə xəbərdarlıqlar daxil olub.
Lakin xüsusi xidmət orqanları oktyabrın 17-də keçirilən nümayişlərin miqyasını ciddi şəkildə aşağı qiymətləndiriblər. Aksiyalarda 60-150 min nəfərin iştirak edəcəyi ehtimal olunsa da, faktiki iştirakçıların sayı 500 mini ötüb.
Fransanın daxili işlər naziri Loran Nünes isə cümə axşamı ölkə üzrə 220-dən çox etiraz aksiyasının keçiriləcəyini açıqlayıb. İctimai asayişin qorunması üçün 70 mindən çox polis əməkdaşının xidmətə cəlb ediləcəyi bildirilib. Aksiyalarda 700 min nəfərədək insanın iştirak edə biləcəyi gözlənilir.
Həmin gün Parisdə Eyfel qülləsi də ziyarətçilərin üzünə bağlanıb.
Qeyd edək ki, noyabrın 5-dən Fransada həmkarlar ittifaqlarının genişmiqyaslı tətili keçirilir. Aksiya iştirakçıları əməkhaqlarının artırılmasını və hökumətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edirlər. Sentyabrın sonundan etirazlara məktəblilər və tələbə birlikləri də qoşulublar.
Banu