“Bunun üçün hüquqi maneələr aradan qaldırılmalıdır” – Kremlin sözçüsü
“Moskva və Kiyev arasında danışıqlara başlamazdan əvvəl hüquqi maneələri qanuni olaraq aradan qaldırmaq lazımdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-lərə açıqlamasında Vladimir Putinin “mülki infrastruktur obyektlərinə zərbə endirməmək təklifini sıralamaq” zərurəti ilə bağlı sözlərini belə şərh edib.
“Rusiya Ukraynada danışıqların rəsmi şəkildə qadağan olunduğunu dəfələrlə qeyd edibsə, Moskva və Kiyev dialoqu necə apara bilər” sualına Peskov belə cavab verib: “Ukrayna tərəfinin açıqlığını nəzərə alaraq, yəqin ki, əgər buna belə hazırlıq varsa, bu cür təmaslar yolunda bu maneələri hüquqi cəhətdən aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır”.
Peskov əlavə edib ki, hələlik mülki hədəflərə zərbələrə moratoriumun qoyulması ilə bağlı danışıqlar üçün konkret plan yoxdur.
“Əvvəlcə bunu müzakirə etmək lazımdır. Və prezident Putin bunu müzakirə etməyə hazır olduğunu söylədi. Amma bu planda heç bir konkretlik yoxdur”, - deyə o, vurğulayıb.
Peskov xatırladıb ki, Putin artıq bu təklifin mürəkkəbliyini izah edib: aydın başa düşmək lazımdır ki, mülki obyektlər hansı hallarda “hərbi hədəf ola bilər, hansı hallarda isə ola bilməz”. “Məsələn, yaraqlılar orada toplantı keçirirsə, bu, mülki obyektdirmi? Mülki obyektdir. Amma bu, hərbi hədəfdir? Hərbi hədəfdir. Ona görə də burada müzakirə etmək mənasız olan nüanslar var”, - deyə mətbuat katibi diqqətə çatdırıb.
Qeyd edək ki, aprelin 20-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın elan etdiyi Pasxa atəşkəsinə cavab olaraq “uzadılma ehtimalı ilə ən azı 30 gün müddətində mülki infrastruktura uzun mənzilli pilotsuz uçuş aparatları və raketlərdən hər hansı zərbə endirməkdən” çəkinməyi təklif edib.
Putin deyib ki, bu təşəbbüsü “dialoq nəticəsində ikitərəfli” müzakirə etmək lazımdır.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Volodimir Zelenskinin imzaladığı fərmana əsasən, Putin Rusiya prezidenti olduğu müddətdə Rusiya ilə danışıqların aparılması qeyri-mümkündür. Bu addıma Rusiyanın Donets, Luqansk, Zaporojye və Xerson vilayətlərini öz tərkibinə daxil etməsi səbəb olub.
Xatirə SADİQ