Casusluqda ittiham olunan İmamoğludan İLK AÇIQLAMA - "Kreslo sevdası, şeytanın da..."
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu casusluq maddəsi ilə haqqında başladılan istintaq barədə açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ə.İmamoğlu sözügedən ittihamla razılaşmayıb.
O, ittihamı əxlaqsızlıq adlandırıb:
“Belə bir şər, böhtan, yalan şeytanın da ağlına gəlməzdi. Kəlmələrlə ifadə oluna bilməyəcək qədər utancverici əxlaqsızlıqla qarşı-qarşıyayıq. Bu necə bir hirs, ehtiras, kreslo sevdası, necə bir qorxu və çarəsizlik halıdır?! Korrupsiya və terror suçlaması ilə inandıra bilmədiyiniz əziz millətimi casusluq kimi ağılasığmaz böhtanamı inandıra biləcəksiniz?”.
İmamoğlu açıqlamasında xalqa da səslənib:
“Bu gün məhkəmə sistemi üstündən həyata keçirilən əməliyyatlar Türkiyə Cümhuriyyəti, Türkiyə Məhkəmə Sistemi və 86 milyonluq vətəndaşımız üçün böyük və tarixi təhlükəyə çevrilib. Ancaq ümidinizi heç vaxt itirməyin! Əzmlə, qətiyyətlə və səbirlə dövlətimizin və millətimizin gələcəyi üçün bu bir neçə şəxslə mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, bu gün Əkrəm İmamoğlu, onun seçki kampaniyasının direktoru Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində “casusluq” maddəsi ilə yeni istintaq başladılıb. Merdan Yanardağ saxlanılıb, "Tele1" kanalında axtarış aparılıb.
İstanbul Cumhuriyet Başsavcılığının açıqlamasında isə iddia olunur ki, 2019-cu il bələdiyyə seçkilərində Ə.İmamoğlu və onun seçki kampaniyası direktoru Necati Özkan xarici kəşfiyyat xidmətləri ilə birgə hərəkət edərək seçkilərin manipulyasiya olunması, seçicilərə aid gizli məlumatların sızıdırılması istiqamətində fəaliyyət göstəriblər.
Banu