“COP29-a qədər sülh sazişini imzalamağa ümidliyik” – Ermənistan prezidenti
“Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, İrəvan ümid edir ki, Azərbaycan noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Konfransına qədər 16 maddəni imzalayacaq.
“Əgər bu, yalnız bizdən asılı olsaydı, biz bunu elə indi, bu gün imzalayardıq, amma ümid edirik ki, gec-tez bu nöqtəyə çatacağıq”, - Xaçaturyan əlavə edib.
O, nəzərə çatdırıb ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.
Xaçaturyan etiraf edib ki, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə danışıqlar uğurla gedir. İki ölkə arasında sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması məsələsinə baxılır.
“Bu, əsl diplomatik münasibətlərin reallığa çevrildiyinə işarə olacaq” – Ermənistan prezidenti deyib.
Qeyd edək ki, bundan öncə Ermənistanın baş anziri Nikol Paşinyan bildirib ki, İrəvan sənədin razılaşdırılmış 80 faiz bəndinə əsasən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Xatırladaq ki, rəsmi Bakı sülh sazişinin imzalanmasına qədər Ermənistanın öz konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları aradan qaldırmasını tələb edir.
Xatirə SADİQ