Culian Assanjın AŞPA-dakı şok çıxışı – Onu hansı etirafına görə azad ediblər?

“WikiLeaks”in qurucusu Culian Assanj azadlığa çıxdıqdan sonra ilk çıxışını Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında edib.

Oct 2, 2024 - 13:44
Culian Assanjın AŞPA-dakı şok çıxışı – Onu hansı etirafına görə azad ediblər?

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, çıxışı zamanı o, məhkəmə sistemini və jurnalistlərin müdafiəsiz olduğunu tənqid edərək, jurnalistikanın cinayət olmadığını diqqətə çatdırıb.

“Bu gün azadlıqdayam, ona görə yox ki, (məhkəmə - red.) sistem lazım olduğu kimi işləyirdi. Bu gün azadlıqdayam, ona görə ki, uzun illər sonra həbsxana məhkumluğunda etiraf etdim ki, jurnalist fəaliyyətinə görə günahkaram. Lakin jurnalistika cinayət deyil, azad və məlumatlı cəmiyyətin əsasıdır”, - deyə Assanj bildirib.

O, bildirib ki, qanuna inandığına görə sadəlövh olub: “İşə gəldikdə, qanun sadəcə kağız parçasıdır və siyasi məqsəduyğunluqdan asılı olaraq müxtəlif cür interpretasiya etmək olar”.

Assanj nəzərə çatdırıb ki, hazırda söz azadlığı “qaranlıq yol ayrıcındadır”.

“Əsas problem sadədir. Öz işlərini yerinə yetirdiklərinə görə jurnalistləri təqib etmək olmaz. Biz hamımız azadlıq işığının söndürülməməsi, həqiqət axtarışının davam etdirilməsi və səslərin azlıqda qalanların maraqlarına görə batırılmaması naminə öz töhfəmizi verməliyik”.

Qeyd edək ki, Culian Assanj iyunun 26-da beş il həbsdə qaldığı Londondakı Belmarş ciddi rejimli həbsxanasından azad edilib. Jurnalist ABŞ-də 17 maddə üzrə ittiham edilirdi. Söhbət 2010-cu ildən bəri ABŞ-nin hərbi və diplomatik fəaliyyəti ilə bağlı 700 minə yaxın məxfi sənədin dərcindən gedir.

Xatirə SADİQ