“Putin məğlub olmalıdır, bu rəzil diktator...” - Britaniyanın eks-naziri

“Putin məğlub olmalıdır. Lazım gələrsə, Britaniya bunun üçün Kiyevə öz qoşunlarını göndərməlidir”. 

Oct 2, 2024 - 12:59
“Putin məğlub olmalıdır, bu rəzil diktator...” - Britaniyanın eks-naziri

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles “The Teleqraph” qəzetində yazıb.

Onun fikrincə, hazırda İsrailin baş naziri Benyamin Netanyahu düşməni amansızcasına məğlub etməklə hamıya Ukraynada necə qalib gəlməyin yolunu göstərir. 

Uolles əmindir ki, Qərbin Ukraynaya mərhələli yardım siyasəti lazımi nəticə vermir: “Putin özününküləri “ətçəkən maşın”a göndərərkən bizim çaş-baş qaldığımızı, kütlənin içində gizlənərək düşündüyümüzü görür. Putinin iki “kozır”ı var. Birincisi, o, daxili üsyandan təcrid olunduğunu bildiyindən Rusiya vətəndaşlarını bir-birinin ardınca ölümə göndərəcək. İkincisi, o, bizim “Putin uğursuzluğa düçar olmalıdır və Ukrayna qalib gəlməlidir” deyəndə həqiqətən bunu nəzərdə tutduğumuza inanmır”.

Uolles düşünür ki, Putinin haqsız olduğunu sübut etmək üçün yol var və bunun üçün “liderlik, qeyri-populyar qərarlar və risk” lazımdır: 

“Putin uğursuzluğa düçar ola bilər və olmalıdır. Qətldən, işğaldan və təhdidlərdən istifadə edən bu rəzil diktator qalib gələ bilməz. Bizim gələcəyimiz naminə Ukrayna qalib olmalıdır”.

Onun sözlərinə görə, ilk növbədə, Ukraynanın tam səfərbərliyi lazımdır və Qərb yeni əsgərlərin hazırlanmasında kömək edə bilər. 

“Biz Ukrayna ordusunun təliminə və saxlanmasına kömək etmək üçün qoşun göndərməliyik. Döyüşmək üçün deyil, arxa eşelonlara hamımızın göndərdiyimiz avadanlığa xidmətdə kömək etmək üçün buna imkan verməliyik. Qoşunlar yaralıların müalicəsinə də kömək edə bilərdi", - deyə Uolles vurğulayıb.

O, həmçinin Britaniyanın Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığın əldə olunmasına kömək etməli olduğu fikrini dəstəkləyib.

Xatirə SADİQ