Dəmrov xəstəliyi nədir? - Növləri və əlamətləri

Dəmrov xəstəliyi dəridə, dırnaqlarda və saç dərisində göbələk infeksiyasının yaratdığı bir dəri xəstəliyidir.

May 30, 2025 - 17:54
Dəmrov xəstəliyi nədir? - Növləri və əlamətləri

Dəmrov xəstəliyinə müxtəlif dermatofit göbələklər səbəb olur və infeksiya bədənin istənilən nahiyəsində yarana bilər.

SAVASHMEDİA.az xəbər verir ki, dəmrovun bir neçə növü var.

Çəhrayı dəmrov

Xəstəlik infeksion-allergik mənşəlidir. Bütün yaş qruplarında rast fəlinir. Çəhrayı dəmrov bədəndə, xüsusən kürək nahiyəsində girdə formalı, çəhrayı rəngli, qabıqlanan ləkələrlə xarakterizə olunur. Yoluxuculuğu aşağıdır. Yoluxma hamam əşyalarının ümumi istifadəsi zamanı ola bilər. Xəstəliyin yaranmasına zəif immunitet və virus mənşəli respirator infeksiyalar səbəb olur. Daha çox yaz və payız aylarında təsadüf olunur.

Əlvan dəmrov

Göbələk mənşəli dəri xəstəliyidir. Dərinin buynuz qatını zədələyir. Qadınlarda və gənclərdə daha çox təsadüf olunur. Əsasən ilin isti aylarında qeydə alınır. Əlvan dəmrov yumru, çəhrayı rəngli, tək sayda ləkə ilə başlayır. Bir müddətdən sonra eyni formalı, lakin kiçik diametrli ləkələrə dəridə və başın tüklü hissəsində rast gəlinir. Əlvan dəmrov zamanı dəri dəyişiklikləri qeyri-iltihabi xarakter daşıyır. Ləkələr adətən sarımtıl-qəhvəyi rəngdə olur. Onları qaşıdıqda az miqdarda qabıqlanma müşahidə edilir. Ləkələr periferik böyüməyə və öz aralarında birləşməyə meylli olur.

Kəmərləyici dəmrov

Kəmərləyici dəmrov zamanı sinir qanqliyaları iltihablaşır, sinir kötükləri boyunca xarakterik səpgilər əmələ gəlir. Xəstəliyə əsasən böyüklər və yaşlı şəxslər tutulur. Onun təkanverici amillərinə stress, infeksiya və immunitetin zəifləməsi aiddir. Pasiyentlərin bir qrupunda yüngül forma, digərlərində isə mərkəzi sinir sistemini zədələyən vəziyyətlər qeydə alınır. Səpgilərin formalaşmasından qabaq sinirlər boyunca ağrı meydana çıxır. 3-4 gün keçdikdə dəridə səpgi əlamətləri nəzərə çarpır. Başlanğıcda səpgilərin səthi kiçik vezikulalardan ibarət olur.

Pullu dəmrov

Dəridə xroniki, qaşıntılı, qızartılı və qabıqlı səpkilərlə özünü göstərir. Yoluxucu deyil. Xəstələrdə əlamətlər dərinin epidermis və dermis qatında ortaya çıxır. Pullu dəmrov diaqnozunu klinik müayinələr və xəstənin gedişatla bağlı verdiyi məlumatlar əsasında qoymaq mümkündür. Belə xəstələr təbiətən həsas qəlbli olurlar. Bu xüsusiyyət demək olar ki bütün pullu dəmrov xəstələrinə xasdır. Bu səbəblə pullu dəmrov xəstələrində bəsit emosyonal stres faktorundan sonra səpkilərdə artış müşahidə olunur.

Saçqıran dəmrov

Dərinin göbələk xəstəliyidir. Bu zaman dəri, başın tüklü hissəsi, bəzən isə dırnaqlar zədələnir. İnfeksiya mənbəyi xəstə insan və heyvanlardır. Yoluxma kontakt-məişət yolu ilə baş verir. Dəmrovun bu növünə uşaq bağçalarında və ailə daxilində daha çox rast gəlinir. Xəstəlik adını saçların qırılmış formasından götürüb.Zədələnmiş dəridə qabıqlanma və göbələk sporlarından ibarət açıq rəngli ərp əmələ gəlir. Qaşınma və digər xoşagəlməz əlamətlər olmur. Xəstəliyin irinləmiş formaları üçün infiltratlar xarakterikdir. İnfiltratlar müxtəlif ölçüdə olub, adətən başın tüklü hissəsində, bığ və saqqal hissədə formalaşır.

Sulu dəmrov (ekzema)

Allergik mənşəli, xroniki gedişli, iltihabi xəstəlikdir. Xəstəlik dərinin açıq sahələrində simmetrik iltihablaşma ocaqları ilə təzahür edir. Həqiqi ekzema zamanı iltihab ocaqları hiperemiyalı və ödemli, səthləri isə yaş olur.

Banu