Deputat Elnur Allahverdiyevin şirkəti alıcıları belə aldadır - "Kontakt Home”da diqqətli olun!

“Kontakt Home”un müştəriləri aldatması ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Sep 18, 2025 - 19:32
Sep 18, 2025 - 19:39
Deputat Elnur Allahverdiyevin şirkəti alıcıları belə aldadır - "Kontakt Home”da diqqətli olun!

SAVASHMEDİA.az-ın xəbərinə görə, şikayətçi Şahid Əlizadə iddia edir ki, sentyabrın 5-də “Kontakt Home” mağazasından daxili yaddaşı (SSD) 256 GB olan notbuk alıb. 

Notbuku evə aparan müştəri gözlənilməz halla qarşılaşıb:

““Kontakt Home” şirkətinin rəsmi saytında daxili yaddaşı 256 GB olan “Asus E410KA-CL464” (90NB0UA5-M00W70) markalı notbukun 399, 99 AZN-ə satıldığını görüb, mütəxəssislə məsləhətləşdim və övladım üçün aldım. Evə gətirdikdən sonra məlum oldu ki, notbukun daxili yaddaşı 256 GB -lıq yox, cəmi 64 GB -lıq dır. Qısa araşdırma nəticəsində məlum oldu ki, bu modelin, ümumiyyətlə, daxili yaddaşı 256 GB lıq variantı olmur. Bunu istehsalçı şirkət özü də qeyd edir”.

Narazı müştəri şirkətin qaynar xəttinə zəng edib və ona mağazaya yaxınlaşması təklif olunub. Mağazada Ş.Əlizadəyə texniki xəta olduğunu bildiriblər. Hətta müştərini də “gərək diqqətli olardınız” deyərək günahkar çıxarıblar:

“*6060-a zəng etdim, səhv olduğunu bildirib, mağazaya yaxınlaşmalı olduğumu dedilər. Mağazada bildirdilər ki, bu modelin 256 GB -lığı olmur, qutunun üstündə də 64 yazılıb, sayt və vitrində təsadüfi səhv olub, gərək diqqətli olaydınız”.

Ş.Əlizadə səhvin mağazada olduğunu bildirərək pulunun geri qaytarılmasını tələb edib. “Kontakt Home” əvvəlcə razı olmasa da, narazi müştərinin məsələni ictimailəşdirəcəyini deməsindən sonra malı geri alıb, pulu ödəməyə məcbur olub. 

Şikayətçi iddia edir ki, 13 gün keçsə də, şirkət rəsmi saytında sözügedən model notbukun daxili yaddaşını 256 GB-dan 64 GB-a dəyişməyib:

“Hadisənin üstündən 13 gün keçməsinə baxmayaraq, şirkətin rəsmi saytında həmin model noutbukun daxili yaddaşının (SSD) guya 256 GB olduğu barədə qeyd silinməyib. Buradan belə nəticə çıxarmaq olar ki, mağaza bilərəkdən məlumatsız müştərilərə yanlış məlumat verir və ehtimal etmək olar ki, indiyəcən nə qədər adam aldadılıb”.

Şikayətçinin iddiası ilə bağlı kiçik bir araşdırma apardıq və məlum oldu ki, “Kontakt Home”un rəsmi saytı “təsadüfi səhv” dediyi “xəta”nı aradan qaldırmayıb.

Hələ də “Asus E410KA-CL464” (90NB0UA5-M00W70) modelinin daxili yaddaşı 256 GB göstərilir. Bu fakt şikayətçinin “mağaza bilərəkdən məlumatsız müştərilərə yanlış məlumat verir” fikrinin əsassız olmadığını göstərir. Çünki texnologiya əsrində 3 rəqəmi dəyişmək 13 günə (və ya əlavə olunacaq günlərə) deyil, cəmi 5-10 saniyəyə başa gəlir.

Xatırladaq ki, bu, “Kontakt Home”la bağlı ilk şikayət deyil. Mediada dəfələrlə mağazanın müştərilərini aldatması barədə yazılar gedib. 

Qeyd edək ki, “Kontakt Home” şirkətinin sahibi millət vəkili Elnur Allahverdiyevdir.

Banu