Deşam məğlubiyyətdən danışdı
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin daha üstün çıxış etdiyini etiraf edib.
“Əsas səbəb o idi ki, imkanlarımızdan bir qədər aşağı səviyyədə oynadıq və hücumda bacara biləcəyimiz qədər təhlükəli ola bilmədik. Texniki səhvlərimiz və qol vəziyyətinə çevrilə biləcək uğursuz ötürmələrimiz oldu. Bunu qəbul etməliyik, nə qədər ağır olsa da. Bu, çox yüksək səviyyəli futbol izlədik. Bu, bizi mümkün finaldan ayıran son mərhələ idi.
İndi isə üçüncü yer uğrunda oyunda çıxış edəcəyik. Bu məğlubiyyət indiyədək gördüyümüz işləri kölgə altına salmır. Sadəcə, bu matçda İspaniya bizdən daha yaxşı idi”.
Qeyd edək ki, Fransa millisi mundialda üçüncü yer uğrunda görüşdə iştirak edəcək. İspaniya isə finalda İngiltərə - Argentina cütünün qalibi ilə üz-üzə gələcək.