Ona görə atasını bıçaqladılar, adının kədərli tarixçəsi var - Lamin Yamalın həyat hekayəsi

Dünya Çempionatının finalına vəsiqə qazanmış İspaniya millisinin ən parlaq simalarından olan Lamin Yamal növbəti dəfə dünya mediasının diqqət mərkəzinə düşüb.

Jul 15, 2026 - 01:00
Ona görə atasını bıçaqladılar, adının kədərli tarixçəsi var - Lamin Yamalın həyat hekayəsi

SAVASHMEDIA.az gənc futbol ulduzunun çoxuna məlum olmayan maraqlı həyat hekayəsini təqdim edir.

Valideynləri Lamin Yamal hələ kiçik yaşlarında ikən ayrılıblar. Buna baxmayaraq, həm atası, həm də anası onun həyatında mühüm rol oynayıb. Anası sonradan yenidən ailə qurub və bu nikahdan övladları dünyaya gəlib.

Fotoda Lamin Yamal və anası 

Yamalın ögey bacı və qardaşları bəzən "Barselona"nın və İspaniya millisinin oyunlarını tribunadan izləyərkən kameraların obyektivinə tuş gəlirlər.

Yamalın atası Mounir Nasraoui mərakeşli, anası Şeyla Ebana isə Ekvatorial Qvineya əsillidir. Bu səbəbdən gənc futbolçunun həm İspaniya, həm də Mərakeş millisində çıxış etmək hüququ var idi. Lakin Mərakeş Futbol Federasiyasının bütün cəhdlərinə baxmayaraq, Yamal İspaniya millisini seçir. Bu qərar Mərakeşdə böyük narazılıqla qarşılanır və bəzi mərakeşlilər Yamal ailəsini cəzalandırmaq qərarına gəlirlər. Yamalın atasının vətəninə "yox" deməsi isə elə atasının başında çatlayır.

2024-cü ilin avqustunda Mounir Nasraoui Kataloniyanın Mataro şəhərində bıçaqlı hücuma məruz qalır və hadisə ilə bağlı bir neçə nəfər saxlanılır. Sosial şəbəkələrdə və bəzi xarici KİV-lərdə hücumun Yamalın milli komanda seçimi ilə bağlı olduğu iddia edilsə də, İspaniya polisi məsələni böyütmür vıə bu versiya rəsmi şəkildə təsdiqlənmir. 

Fotoda Lamin Yamal və atası

Hadisədən sonra Lamin Yamal atası və nənəsinin təhlükəsizliyi üçün onlara yeni ev alaraq daha sakit məhəlləyə köçmələrinə kömək edib. 

Mounir Nasraoui Mərakeşdə anadan olsa da, uşaq yaşlarında ailəsi ilə birlikdə İspaniyaya köçüb və uzun illər Kataloniyada yaşayıb. O, oğlu məşhurlaşana qədər boya ustası və tikinti sahəsində müxtəlif işlərdə çalışıb.

Maraqlı faktlardan biri də odur ki, Mounir Nasraoui bir vaxtlar "Real Madrid" azarkeşi olduğunu etiraf edib. Sonradan isə bildirib ki, indi bütün qəlbi ilə "Barselona"nı dəstəkləyir. Səbəb isə sadədir - oğlu məhz Kataloniya klubunun əsas ulduzlarından biridir.

Lamin Yamal atası və nənəsi ilə

Lamin Yamalın həyatı ilə bağlı ən təsirli hekayələrdən biri isə onun adı ilə bağlıdır. Həmin hekayə isə kifayət qədər təsirlidir. Ailə maddi çətinlik içində olarkən Lamine və Yamal adlı iki nəfər onlara yardım edib. Valideynləri bu yaxşılığı heç vaxt unutmayaraq, dünyaya gələn oğullarına həmin iki şəxsin adını veriblər. Beləliklə, bu gün dünya futbolunun parlayan ulduzlarından biri olan Lamin Yamalın adı, ailəsinin ən çətin günlərində onlara əl uzadan iki insanın xatirəsini yaşadır.

Oğuz