Don və Gülçöhrə İlan ilində - Replika
Fikir vermisənmi, Don Tramp hakimiyyətə gələndən sonra Putinin çöhrəsi gül kimi açılıb. Olub Gülçöhrə. Hətta Tramp hakimiyyətsiz ikən, seçilməsi rəsmi şəkildə təsdiqlənməmiş.
Trampın müharibəni dayandıracağı haqqında vəd olunan bir günü bitmək bilmir. Hərçənd, artıq 100 gün də deyilib, "qeyri-müəyyən" vaxt da müəyyənləşib. Şıltaq qoca nə istəsə edir!
“Meksika körfəzinin adını dəyişirəm”. Dəyiş də! Kim isə atasının ona verdiyi adı, hətta atasının adını dəyişib. Elə mən də onun adını Don qoymuşam. İtaliya mafiozisi sayağı. Don Karleone kimi.
Başqa ad da ona yaraşır – beynəlxalq reketir. Mənimsəyəcəyi ilə qorxutduğü ərazilər və nemətlər:
- Qrenlandiya;
- Panama;
- Meksika;
- Kanada;
- Qəzza...
- Ukraynanın yeraltı sərvətləri.
“Dünya mənim, daha heç kimin!”.
Uzun müddət arada əməl yox idi. Yalnız cəfəngiyat! Nəhayət, Dondan “şad” xəbər gəldi: Amerika (oxu: Tramp) cılız nəşəxor Fogeli Qərbdə 4 milyarddan artıq dollar həcmində qanunsuz pul “yumuş” cinayətkar Vinnikə dəyişdi. Ağlasığmaz əməldir!
Nəticədə (1) Rusiyanın aparıcı birjalarının indeksləri bir anda yüksəldi, (2) rublun məzənnəsi günbəgün qalxdı, (3) Rusiyanın iri şirkətləri həmən 2,2 milyard dollar bahalaşdı... Putinin üzü gülməkdə davam edir! Səbəb çoxdur.
Dünən xəbər gəldi ki, Don Donald “Rusiyanın G7-yə qatılması barədə təklifi dəstəkləyir”. Milyon sanksiyadan sonra iqtisadiyyatı xeyli zəifləmiş, kritik vəziyyətə düşmüş terrorçu dövlətin qabaqcıl Qərb ölkələri məclisində nə işi var! Ona sanksiya zərbələri endirən, əlini sıxmaqdan imtina edən dövlət başçıları Putinlə bir masa arxasında necə oturacaqlar!
Bəs belə düşüncəsiz təklifi kim düşünüb? Çoxları İlan Maskın babalını yandıracaqlar. Amma əminəm: bu sirk nömrəsinin müəllifi Donun özüdür.
Məlumdur ki, it daim quyruğunu bulayır. Görünür, it quyruğundan ağıllıdır. Əgər quyruq itdən ağıllı olsaydı, Mask Trampı bulayardı...
Az qalıb. Tramp Ukraynanı, Avropanı, dünyanın təhlükəsizliyini, demokratik dəyərləri, haqqı, ədaləti, uğrunda hər gün milyonlarla insanın çarpışdıgı hər şeyi Rusiyanın ayaqları altına atacaq. “Əgər”ə ümid azdır.
A.ƏZİZ
P.S.: Son “əgər” – Trampın Azərbaycanda bir nəfər dostu varsa, o, mən deyiləm.