“Dron hücumu Putinin iş cədvəlini pozmayıb” - Peskov

Soçiyə pilotsuz uçuş aparatlarının hücumu Rusiya prezidenti Vladimir Putinin iş cədvəlinə təsir etməyib.

Sep 9, 2025 - 15:20
“Dron hücumu Putinin iş cədvəlini pozmayıb” - Peskov

SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin iş cədvəli dəyişməzdir. O plan üzrə həyata keçirilir”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

TASS xatırladıb ki, Putin bir gün əvvəl Soçidən BRİKS-in fövqəladə onlayn sammitinə qatılıb.

Sentyabrın 9-na keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya səmasında Ukraynaya məxsus 31 təyyarə tipli pilotsuz uçuş aparatını vurub. Buna görə Soçi hava limanı uçuşları 30 dəqiqədən az müddətə məhdudlaşdırıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev pilotsuz uçuş aparatının hücumu nəticəsində Soçidə bir nəfərin öldüyünü bildirib, 7 evin fasadına və avtomobillərə qəlpələrdən dəyən ziyan haqqında məlumat verib.

Xatirə SADİQ